Oruclu olarkən gündüz vaxtını yatmaqla keçirmək – FƏTVA
1. 910 dəfə baxılıb
Sual: Oruclu halda gündüz vaxtını yatmaqla keçirməyin və belə orucun hökmü nədir? Yaxud, fərz namazlarını qılmaq üçün oyanır sonra yenidən yatmağa davam edirsə onun hökmü nədir?
Cavab: Bu sual iki məna daşıyır: Birinci adam bütün gününü yatmaqla keçirir və heç oyanmır. Şək yoxdur ki, belə etmək günahdır və namazları vaxtından sonraya saxlamaq Allaha asilikdir. Əgər həmin adam camaat namazına getməlidirsə onda getmədiyinə görə əlavə günah da qazanır. Belə adamın orucu naqis olur və onun əməli, bir şəhəri məhv edib yerində qəsr tikən adamın timsalındadır. O, Allaha tövbə etməli və qalxıb namazlarını vaxtında qılmalıdır.
Ikinci adam oyanıb fərz namazlarını vaxtında camaatla qılırsa ona günah yoxdur. Lakin o özünü çoxlu xeyirdən məhrum etmiş sayılır. Çünki oruc tutan adam namaz qılmalı, zikr, dua etməli və ya Quran oxumalıdır ki, oruc ilə bərabər müxtəlif ibadətləri cəm etsin. Əgər insan özünü oruclu halda ibadət etməyə alışdırsa bu onun üçün başqa vaxtlarda daha rahat və asan olar. Əgər o öz nəfsini tənbəlliyə, halsızlığa və rahatlığa öyrəşdirsə onda başqa əməllər və ibadətlər ona çətin gələr.
Ona görə mən belə adama tövsiyə edirəm ki, oruclu vaxtını yatmağa deyil, ibadətə sərf etsin. Allaha şükrlər olsun ki, O bizə günümüzdə orucun məşəqqətini azaldan: kondisioner və s. – nemətlər vermişdir.
Şeyx Məhəmməd ibn Salih əl-Useymin (Allah ona rəhmət eləsin).
Mənbə: Orucluq Fətvaları
Tərcüməçi: Əbdürrəhim Muradlı