Qədr gecəsində edilən əməllər – Şeyx Saleh bin Fovzan əl-Fovzan
4. 283 dəfə baxılıb
SelefXeber.az saytının YouTube kanalına abunə olun
Sual: Möhtərəm şeyx, qədr gecəsində sədəqə, yaxud hansı saleh əməlləri etmək lazımdır?
Cavab: Qədr gecəsində, Ramazan ayının digər günlərində edilən əməllər edilir. Sadəcə olaraq qədr gecəsində daha çox ibadət etmək lazımdır. Hədisdə deyilir: “Kim qədr gecəsini imanla və savabını Allahdan umaraq ibadətdə keçirərsə, keçmiş günahları bağışlanar.”
Müsəlman Ramazan ayının digər gecələrindən fərqli olaraq, bu gecəni daha çox ibadətdə keçirməlidir. Əslində bütün Ramazan ayını ibadətdə keçirmək lazımdır. Hədisdə deyilir: “Kim Ramazan ayını imanla və savabını Allahdan umaraq ibadətdə keçirərsə, keçmiş günahları bağışlanar.” Müsəlman həm ümumi Ramazan ayında, həm də qədr gecəsində daha çox ibadət etməyə çalışmalıdır. Bu onun üçün əlavə xeyirdir.
Bu gecədə həmçinin çox dua etmək lazımdır. Çünki bu gecə dua qəbul olan gecədir. Ona görə də müsəlman qədr gecəsi hesab etdiyi məqamda çox dua etməlidir.
Aişə (Allah ondan razı olsun) Peyğəmbərə (Ona Allahın salavatı və salamı olsun) deyir: “Əgər qədr gecəsinə təsadüf etsəm hansı duanı edim?”
Peyğəmbər (Ona Allahın salavatı və salamı olsun) dedi: “Bu duanı oxu: “Allahummə innəkə afuvvun tuhibbul afva fafu anni.” (Allahım Sən çox bağışlayansan, bağışlamağı sevirsən, məni də bağışla.)
İnsan bu gecə çox dua etməli, ələlxüsus bu duanı çox deməlidir. Həm ümumi dua etməli, həm də Peyğəmbərin (Ona Allahın salavatı və salamı olsun) möminlərin anası Aişəyə (Allah ondan razı olsun) tövsiyə etdiyi duanı etməlidir. Bu tövsiyə ümmətin digər fərdlərinə də aiddir.
Bu gecə həm namaz, həm dua, həm də ibadət gecəsidir. “Qədr gecəsi min aydan xeyirlidir.” Bu gecədə edilən əməl, min ayda edilən əməldən daha üstündür. Bu isə Allahın müvəffəq etdiyi kimsələr üçün böyük üstünlükdür.
Sual: Şeyx bu gecə nə zaman başlayır?
Cavab: Gecə, günəşin batması ilə başlayır, sübh namazının vaxtı girənə qədər davam edir.
Ümumiyyətlə, şəriətdə gecə məfhumu, günəşin batmasından sübh namazının vaxtı girənə qədər olan vaxtı əhatə edir.