Ramazan ayında necə qidalanmaq lazımdır?
1. 610 dəfə baxılıb
Ramazan ayında necə qidalanmaq lazımdır?
Ramazan ayında gün boyu yemək yeyilmədiyi üçün imsak və iftar yeməklərinə xüsusi diqqət verilməlidir.
Müsəlmanların mübarək ayı olan Ramazan ayında bütün İslam ölkələrində əhalinin əksər hissəsi oruc tutaraq ibadət edir. Ramazan ayının ilk günü bu il Miladi təqvimlə iyunun 18-nə təsadüf edir. İyun ayının 17-si orucluğun niyyət gecəsidir.
Ramazan ayında bəzən yanlış qidalanma bir sıra xəstəliklərin yaranmasına gətirib çıxarır. Səhər imsaqdan sonra başlayan aclıq müddətində qanda şəkərin miqdarı düşməyə başlayır və yanlış qidalanma nəticəsində orqanizmdə maddələr mübadiləsi pozulur.
Nəticədə halsızlıq, yorğunluq, qan təzyiqinin düşməsi, depressiya, mədə ağrısı, və s. kimi problemlər ortaya çıxır. Yalnış qidalanma dedikdə səhər imsaqa oyanmama və ya imsaq zamanı çox miqdarda yağlı qida məhsulları tükətmək, iftar zamanı çox miqdarda və müxtəlif çeşidli yeməklər yemək, qanda şəkərin miqdarını sürətlə artıran qidalardan istifadə, tez-tez yemək, lazım olan qədər maye qəbul etməmək və s. bu kimi hallar nəzərdə tutulur. Bəs Ramazan ayında qidalanma necə olmalıdır?
“Sələf Xəbər” “A24.az”-ın bununla bağlı araşdırmasını təqdim edir:
Oruc tutmağın orqanizmə nə kimi faydaları var?
İslamın təməl ibadətlərindən biri olan orucun məhz Ramazan ayında tutulması vacib buyurulmuşdur. Qurani- Kərimin “Bəqərə” surəsinin 183-cü ayəsində bu barədə belə buyurulmuşdur: “Ey iman gətirənlər! Oruc tutmaq sizdən əvvəlki ümmətlərə vacib olduğu kimi sizə də vacib edildi. Bəlkə pis əməllərdən çəkinəsiniz”.
Mədəsindən şikayəti olan, hamilə və süd verən qadın, xəstəliyinin artacağından qorxan şəxslər, hərbidə olan əsgər və uzun səfərə çıxanlar oruc tutmaya bilərlər. Orucun sağlamlığa zərəri yoxdur, əksinə çox faydaları var:
– Oruc, bir il boyunca dayanmadan işləyən mədə ilə birgə bütün həzm sisteminin və insan bədəninin dincəlməsinə kömək edir.
– İnsanların ən çox şikayəti həzm sistemindəndir. Həzm sisteminin pozulması köklük, ürək və damar, şəkər, yüksək təzyiq və s. kimi bir çox xəstəliklərə səbəb olmaqdadır. Oruc, insanı bütün bu xəstəliklərdən nəinki qoruyur, həm də müalicə edir.
– Bu gün bir çox xəstəlikdən xilas olmaqda pəhrizin böyük rol oynadığını hər kəs bilir. Bundan əlavə oruc ilə insan güclü bir iradə qazanır. Ona görə də spirt, narkotik kimi pis vərdişlərdən oruc tutmaqla xilas olanlar daha çox olur.
– Oruc orqanizmdəki karbohidrat, zülal və xüsusilə yağ ehtiyatlarının səfərbər olmasını təmin edir. Oruc sayəsində zərərli maddələri süzməkdən xilas olan böyrəklər dincəlməyə və yenilənməyə imkan tapır.
– Oruc ildə bir ay, yəni Ramazan ayında, tək gündüzləri orucu pozan şeylərdən uzaqlaşmaq deməkdir. Orucun dünyadakı faydalarından biri insanlara aclığın və susuzluğun nə demək olduğunu öyrətməkdir. Tox heç bir zaman acın halını anlamaz və ona mərhəmət etməz. Orucun ictimai faydası bundadır ki, o, insanları bir-birinə yaxınlaşdırır, doğmalaşdırır, siniflər və təbəqələr arasında ayrı-seçkiliyi aradan qaldırır. Oruc bundan başqa nəfsi nəzarət altına almağa səbəb olur.
Ramazan ayında insanlar necə qidalanmalıdırlar?
Ramazan ayında günboyu yemək yeyilmədiyi üçün imsak və iftar yeməklərinə xüsusi diqqət verilməlidir. İmsak sadə nahardan, iftar isə axşam yeməyindən daha zəngin hazırlanmalıdır. Buna görə də, Ramazan ayı ilə birlikdə bəslənmə vərdişlərində də dəyişikliklər edilir. Oruc tutarkən bəslənməyə daha çox diqqət göstərilməli, yağlı yeməklərin qəbulundan çəkinməliyik. Yeməklərin ağır olmamasına, az yağlı və yağda qızardılmayan yeməklərin seçilməsinə diqqət yetirilməlidir.
Hər vaxt təklif edildiyi kimi bu ayda da məqsəd kafi və balanslı bəslənməyi qoruyub saxlamaqdır. Orucluq ayında da pay sayının ən az üç hissəyə bölünməsi məsləhət görülür. Belə bəslənmə şəklinə diqqət yetirməyən sağlam insanlarda zaman-zaman həzm çətinlikləri, mədə və bağırsaqlarda həddindən artıq qaz yaranması, anidən təzyiqin yüksəlməsi kimi problemlər yarana bilər. Xüsusilə bu dövrdə yeyilən unlu məmulatlar və yüksək kalorili qidalar çəkinin artmasına, kökəlməyə səbəb ola bilər.
Oruc tutanlarda təzyiq yüksəkliyi, yorğunluq, unutqanlıq, diqqətsizlik, durğunluq, həzm çətinliyi, yuxuya meyl, əsəbilik və baş ağrısı kimi problemlər yarana bilər. Ona görə də, şüurlu olaraq bəslənmə tərzini və düzgün qidalanma üsullarını bilmək lazımdır.
Hansı nemətlərdən daha çox istifadə edilməlidir?
Mütəxəssislərin fikrincə, Ramazanda iftar süfrələrinə qoyulan qidaların kalorili, insan sağlamlığı üçün lazımlı qida elementlərini özündə birləşdirən, vitamin və minerallarla zəngin olması vacibdir. Əsasən imsaqda yağ, süd, pendir, mürəbbə kimi günlük protein ehtiyacını ödəyəcək və qanda şəkərin miqdarını sürətlə qaldırmayacaq qıdalara üstünlük verilməlidir. Günlük su ehtiyacımız 2-2,5 litir olduğu üçün imsaq zamanı bol miqdarda maye qəbul etmək məsləhətdir.
İftarda isə mütləq yeməklə birgə və yeməkdən sonra çoxlu su içilməlidir, bununla yanaşı yeməyi olduqca yavaş yemək məsləhətdir. Xüsusilə quru paxlalı, tərəvəz və ya qatıq ilə hazırlanmış şorbalar, süd və süd məhsullarından istifadə etmək sağlamlıq baxımından daha yararlıdır. İftarda kefir və qatıq qəbulu həzmdə yaranan çətinliyi aradan qaldırır. Ət və əti əvəz edənlər: yağsız qırmızı ət, toyuq, balıq, quru paxlalılar, yumurtadan istifadə məsləhətdir. Çörək və taxıl məhsullarına gəlincə isə, tam dənəli taxıldan hazırlanan çörəklər, çovdar, kəpək, yulaf xeyirlidir.
Susuzluğa necə tab gətirməli?
Ramazanın xüsusən isti aylara düşməsi oruc tutanlar üçün çətinlik yaradır. İsti aylarda suya tələbat daha çox olur. İnsan bədəninin 70 faizini su təşkil edir. Buna görə də, su insanlar üçün həyati əhəmiyyət daşıyır. Susuz insan orqanizmində proseslərin baş verməsi, ürək, qan dövranı və həzm sisteminin fəaliyyəti mümkün deyil. Qızmar günəşli havalar insanların tərləməsinə, tez-tez susamasına səbəb olur. Gün ərzində mayenin az qəbul edilməsi isə su tarazlığını pozur və insan orqanizmində, xüsusilə həzm sistemində bir çox problemlər yaradır. Ona görə də, insanlar qida seçimində diqqətli olmalı, duzlu və ağır, qızartmalı yeməklər, sosiska, kolbasa kimi duz məzmunlu qidaların yerinə tərəvəz və meyvədən hazırlanmış zəngin, sulu yeməklər seçməlidirlər. Şirin məmulatların həddən artıq qəbul edilməsindən çəkinmək lazımdır.
Mütəxəssislər tövsiyə edir ki, iftarda su və sulu yeməklər, ayran və kompotun daha çox qəbul edilməsi faydalıdır. Qəhvə, çay, qazlaşdırılmış şirin içkilərdən uzaq olmaq məsləhətdir. Yaxşı olardı ki, yeməkdən yarım saat sonra yaşıl çaydan istifadə edilsin. Ümumiyyətlə, bitki çaylarından istifadə məsləhətdir. İmsakda yaşıl çaydan istifadə susuzluğa tab gətirmək üçün faydalıdır.
Dişləri sürtmək üçün lazım olan diş pastalarının da seçiminə diqqət etmək lazımdır. Tərkibində soda olan diş məcunlarını işlətmək olmaz. Çünki onlar insanı susadır. Flüorlu diş məcunlarını seçmək məsləhətdir. Sübh yeməyini isə bir az tez qurtarmaq lazımdır. Çünki dişləri təmizlədikdən sonra insan susayır. Su içməyə vaxt qalmalıdır. İmsakda su çox içilməlidir.
Orqanizmin gündəlik su ehtiyacı 2-2,5 litrdir. Çalışmaq lazımdır ki, bu ehtiyacın çox hissəsi sübh zamanı mənimsənilsin. Xüsusilə isti havalarda, ağır işlərdə tərləyən insanlar susuz qalmamağa çox diqqət yetirməlidir. Normalda içməmiz lazım olan 2 litr suyu Ramazanda daha da artırmaq və 10-12 stəkana çıxarmaq lazımdır. Bütün oruc tutanlar iftar sonrası səhərə qədər 2 litrə qədər su içməlidirlər. Ən azından 2 stəkan bitki çayı, bol-bol ayran, qatıq və vişnə kompotu içmək vacibdir.
İftara necə başlamalı?
Günün ilk payı olan iftar bir şorba ilə açılmalı və bir müddət ara verildikdən sonra yeməyə keçilməlidir. İftara xurma, zeytun, su kimi yüngül qidalarla başlamalı, normal yeməyə bir müddət sonra keçilməsi daha doğrudur. Sonra ətli və ya ətsiz, çox yağlı olmayan bir tərəvəz yeməyi, qatıq, meyvə qəbulu sağlam bəslənmə baxımından vacibdir.
Həkim-mütəxəssislərin fikrincə, başlanğıc üçün beyinə toxluq hissi verən şorba ən uyğun yeməkdir. Orucluq ayında birdən-birə boş mədəyə çox yeməyin yeyilməsi orqanizm üçün çətinlik yaradır. Bunu önləmək üçün iftarda yavaş-yavaş və az miqdarda yemək yeyilməlidir.
Gündə ən az 2 boşqab meyvəni çiy və ya kompot şəklində qəbul etmək lazımdır. Xolesterol problemi olanlar oruc tutursa, qırmızı ətdən istifadəni azaltmalı, həftədə ən az 1-2 dəfə balıq və quru paxladan hazırlanan yeməklər yeməlidirlər.
İftar vaxtı birdən-birə çox yemək boş olan mədənin yüklənməsinə səbəb olur. Bu halda həzm prosesi çətinləşir, mədədə ağırlıq, göynəmə hissi, gəyirmə, bağırsaqlarda köp müşahidə olunur. Bütün bunların qarşısını almaq üçün yaxşı olar ki, iftar yeməyi hissələrə ayrılsın. Yüngül yeməkdən sonra 15-20 dəqiqə fasilə verilməlidir. Bu müddət ərzində şam namazı qılına bilər. 15-20 dəqiqəlik aradan sonra iftar yeməyi nisbətən tutumlu, kalorili yeməklərlə (dolma, aş, buğlama və s.) davam etdirilə bilər.
İftardan dərhal sonra çəkilən siqaret infarkt riskini artırır
Mütəxəssislər Ramazan ayında siqaretdən istifadə edənləri diqqətli olmağa çağırırlar. Çünki siqaret Ramazan ayında digər dövrlərə nisbətən insan orqanizmi üçün daha çox risk yaradır. Gün boyunca adam ac qalır. İftar yeməyi ürək döyüntülərini sürətləndirir. Buna görə də, qan dövranı sərbəst şəkildə həyata keçməlidir. Bu zaman ərzində siqaret qana qarışsa qan tündləşər. Damarlar üzərində böyük təzyiq yaranar. İftardan dərhal sonra çəkilən siqaret infarkt və damar tıxanıqlığı, beyin qanaması, iflic olma riskini təxminən 10 qat artırır.
Oruclu insanın siqareti tərgitməsi isə çox asandır, yalnız bir az səy göstərmək lazımdır. Yadda saxlayın ki, Orucluq ayı insana zərərli vərdişlərdən qurtulmaq üçün bir fürsət verir.
Sələf Xəbər: Uca Allah buyurur: “İnsanlara doğru yolu göstərən, bu yolun və (haqqı batildən) ayırd edənin açıq-aydın dəlilləri olan Quran Ramazan ayında nazil edilmişdir. Sizlərdən bu aya çatan şəxslər (həmin ayı) oruc tutmalıdırlar”. (Qurani-Kərim, “Bəqərə” surəsi, 185-ci ayə)