Şeyx İbn Useymin: Ramazanla əlaqəli bəzi suallara cavab
1. 139 dəfə baxılıb
“Sələf Xəbər” redaksiyası sizə görkəmli müdrik alim Şeyx İbn Useyminin (Allah ona rəhmət etsin) Ramazan ayı və orucluqla bağlı bəzi suallara cavablarını təqdim edir:
Orucun ictimai faydası
1. Sual: Orucun ictimai faydası varmı?
Cavab: Bəli, oruc tutmağın bir çox ictimai faydaları vardır. Məsələn, insanların eyni vaxtda yemək və eyni vaxtda oruc tutmaqla özlərini bir ümmət kimi hiss etməsi, varlıların Allahın onlara verdiyi neməti dərk etmələri, kasıblara qarşı mərhəmətin yaranması, şeytan əməlinin azalması, Allah qorxusu və ictimaiyyət arasında əlaqələrin sıx olması və s.
Oruc tutanın edəcəyi əməllər
2. Sual: Oruc tutana layiq olan əməllər hansılardır?
Cavab: Oruc tutan adam çoxlu ibadət, itaət etməli və qadağalardan çəkinməlidir. Vacib əməllərə xüsusi diqqət verməli və haramlardan qəti olaraq əl çəkməlidir. Çalışıb beş vaxt namazı öz vaxtında camaat ilə qılmalıdır. Qeybətdən, aldatmaqdan, yalan danışmaqdan, sələmçilikdən, haram edilmiş hər bir əməl və ya sözdən çəkinməlidir. Peyğəmbər (ona Allahın salavatı və salamı olsun)buyurmuşdur: “Kim yalan danışmaq və ona əməl etməkdən çəkinməsə, onun yemək və içməyini tərk etməyə Allahın ehtiyacı yoxdur”.
İftar süfrəsində israfçılıq etmək
3. Sual: İftar süfrəsi üçün müxtəlif yeməklər hazırlamaqda həddini aşmaq orucun savabını azaldırmı?
Cavab: Bu əməl orucun savabını azaltmır. Oruc bitdikdən sonra haram iş görmək orucun savabına təsir etmir. Lakin deyilən əməl Allah təalənin bu ayəsinə daxildir: “Ey Adəm oğulları! Hər bir ibadət vaxtı (namaz qılarkən, məscidə gedərkən və ya təvaf edərkən) gözəl libaslarınızı geyin, yeyin-için, lakin israf etməyin, çünki (Allah) israf edənləri sevməz!” (əl-Əraf: 31). Israfçılıq etməyin özü qadağandır. Layiqli xərcləmək isə yaşayışın yarısıdır. Əgər həmin adamın imkanları genişdirsə və bişirdikləri yemək artıq qalıbsa yaxşı olar ki, onu başqalarına sədəqə versinlər.
Şeyx İbn Useymin (Allah ona rəhmət etsin)