“Ramazan ayı imkanlıları kasıbların yanında olmağa təşviq edir”
929 dəfə baxılıb
“Bü gün Müqəddəs Ramazan Ayının ilk günüdür. Ramazan ayı sadəcə hər bir müsəlmanın öz dini öhdəliklərini yerinə yetirməsi, Allaha daha yaxın olması və ya sağlamlıq baxımdan deyil, eləcə də vəsaitləri rasional xərclənməsi aspektindən əhəmiyyətlidir. Ramazan ayı imkanlı insanlara məhz maliyyə baxımdan imkansızların vəziyyətini daha yaxından hiss etməyə və yaşamağa imkan verir”.
“Sələf Xəbər” “A24.az”-a istinadən xəbər verir ki, bu barədə iqtisadçı alim Vüqar Bayramov “facebook” səhifəsində yazıb.
Ekspert qeyd edib ki, ABŞ-da il ərzində qadınlar 27,6, kişilər isə 11,1 milyard dollar vəsaiti kosmetik məhsulların alınması üçün xərcləyirlər. Bu rəqəm uyğun olaraq, Fransada 10,2 və 4.2, Yaponiyada 19,8 və 5,9, Almaniyada isə 9,3 və 3.9 milyard dollardır. Dünyada qadınlar yalnız üz kremlərinə il ərzində 25 milyard dollardan çox vəsait xərcləyirlər: “Bununla yanaşı, dünyada gündəlik gəliri 1.25 dollardan az olan 1 milyard insan kəskin yoxsulluq həddində yaşayır. 783 milyon insan isə hətta içməli su tapa bilmirlər. İnkişaf etmiş ölkələrdə bir xanım həyatı boyunca sadəcə kosmetik məhsulların alınması üçün 30 min dollardan çox pul xərclədiyi halda, Afrikanın və Asiyanın bəzi ölkələrində uşaqlar qida çatışmazlığından dünyalarını dəyişirlər”. V.Bayramovun fikrincə, qiymətləndirmələr göstərir ki, qənaət yolu ilə kosmetikaya xərclənən vəsaiti 2 dəfə azaltmaqla dünyada yoxsulluq səviyyəsində yaşayan insanların sayını ən azı 30 fazi azaltmaq mümkündür: “Deməli, dünyada bir tərəfdə 100 milyardlarla vəsaiti kosmetikaya xərcləyən imkanlı şəxslər, başqa tərəfdə isə gündəlik adi su və çörək tapa bilməyən və sayı milyarddan az olmayan insanlar var. Ramazan ayı məhz dünyadakı bu qeyri-bərabərliyi hiss etməyə, kasıbların yanında olmağa təşviq edir. Müqqədəs Ramazan ayınız mübarək. İnşallah bu ay xalqımız və vətənimiz üçün düşərli olsun”, – deyə V.Bayramov qeyd edib.
Sələf Xəbər: Uca Allah buyurur: “Sizlərdən birinə ölüm gəlib: “Ey Rəbbim! Mənə bir az möhlət ver ki, sədəqə verib əməlisalehlərdən olum!”– deməmişdən əvvəl sizə verdiyim ruzidən xərcləyin. Allah əcəli çatmışlara əsla möhlət verməz. Allah sizin nələr etdiyinizdən xəbərdardır”. (Qurani-Kərim, “Munafiqun” surəsi, 10,11-ci ayələr)
“Bu hökm fərz ianələrə, o cümlədən, zəkata, sədəqəyə, zövcələrin və kölələrin maddi təminatına və həm də istənilən könüllü surətdə verilən və xeyirxah məqsədlər üçün nəzərdə tutulan ianələrə aiddir. Eyni zamanda, Allah qullarını çətinliyə salmaq istəməyərək, onları çıxılmaz vəziyyətdə qoymur, Onun onlara əta etdiyinin yalnız bir hissəsini paylamağı əmr edir. O (Pak və Müqəddəs), insanların vəzifələrini asanlaşdırır və Özü də onları yerinə yetirməkdə qullarına kömək göstərir. Buna görə sizə nemətlər Bəxşedən Allaha həmd edin və ölüm sizə gəlməmişdən öncə ehtiyacı olan qardaşlarınıza təskinlik verin, çünki sonra siz artıq zərrə qədər ağırlığında xeyirxahlıq edə bilməyəcəksiniz. Elə onda siz əldən çıxartdığınız imkanlara görə təəssüflənəcək və Allahdan sizi geri qaytarmasına dua edəcək və deyəcəksiniz: “Ey Rəbbimiz! Əgər Sən mənə qısa müddətə də olsa möhlət versəydin, onda mən etmədiklərimin yerini doldurardım və cəzadan xilas olmaq və bol mükafata layiq görülmək üçün sədəqə paylayardım. Mən dinin bütün hökümlərini yerinə yetirib, həccə gedib, xeyirxahlıq edib və bütün qadağa edilənlərdən çəkinərək, salehlərdən biri olardım”. (Bax: “Təfsir Əs-Saadi”)