Sələf Xəbər


RAMAZAN

 Son Xəbərlər

Ramazanda iftar məclisinin qızıl qaydaları (A-dan Z-yə)

İyun 06
18:20 2017

Ramazanda biz başqaları ilə yemək yeməyə daha çox can atırıq. Buda ondan irəli gelir ki, Peyğəmbərimiz Məhəmməd (Allahın ona salavat və salamı olsun) buyurmuşdur: “Kim bir orucluya iftar etdirərsə, özünə onun savabı qədər savab yazılar. Üstəlik bu səbəblə oruclunun savabından heç bir əksilmə olmaz” [1].

Şübhəsiz ki, çoxumuz Ramazanda iftar məclisləri təşkil edir və yeməyimizi başqaları ilə paylaşırıq. Ev sahibi və ya qonaq olmağınızdan asılı olmayaraq, bəzi süfrə ədəblərindən xəbərdar olmaq, iftar məclislərini daha səmərəli edir. Biz, aşağıdakı İslami dəyərlərə riayət edərək, kiminsə haqqına girməkdən çəkinmiş olarıq:

Ümumi Qaydalar:

▪ Yeməkdən əvvəl və sonra Allahı zikr edin.

Məhəmməd Peyğəmbər (Allahın ona salavat və salamı olsun) buyurmuşdur: “Sizlərdən biri yemək yeməyə başlayarkən: Bismilləh! (Allahın adı ilə!) desin. Əgər əvvəldə bunu unutsa, onda, Bismilləhi fi əvvəlihi və axirihi! (Əvvəldə də, axırda da Allahın adı ilə!) desin. ”  [2]

O (Allahın ona salavat və salamı olsun) həmçinin demişdir: “Allah, yemək yedikdən və ya su içdikdən sonra Ona həmd edən bəndəsindən razı qalır” [3].

▪ Dua edin

Məhəmməd Peyğəmbər (Allahın ona salavat və salamı olsun) orucunu açarkən bu duanı edərdi: “Zəhəbəzzaməu vəbtəllətil uruq və səbətəl əcru inşəAllah” (Susuzluq getdi, damarlar islandı, İnşaAllahu Təala savab dəqiqləşdi (qətiləşdi)” [4]. Orucunuzu açmazdan əvvəl, dua etmək fürsətini qaçırmayın, çünki, bir çox hədislərdə rəvayət olunduğu kimi, oruclu insanın duası mütləq qəbul olur.

▪ Sağ əllə yeyin

Məhəmməd Peyğəmbər (Allahın ona salavat və salamı olsun) Ömər ibn Əbu Sələməyə demişdir: “Oğlum, yeməyin əvvəlində bismilləh de, sağ əlinlə ye və önündən başla” [5].

 ▪ Özünüzə yaxın olan yeməklərdən götürün

Peyğəmbərimiz (Allahın ona salavat və salamı olsun) Ömər ibn Əbu Sələməyə demişdir: “Oğlum, yeməyin əvvəlində bismilləh de, sağ əlinlə ye və önündən başla” [6]. Əgər istədiyiniz yemək sizdən uzaqdadırsa, onu götürmək üçün başqalarının üstündən əyilməyin. Yaxşı olar ki, o yeməyi sizə ötürməsi üçün kimdənsə xahiş edəsiniz. Bundan əlavə, yeməyin ən yaxşı hissəsini yeyərək qalanını saxlamayın. Peyğəmbərimiz (Allahın ona salavat və salamı olsun) buyurmuşdur: “Bərəkət yeməyin ortasında enir. Elə isə kənarlardan yeyin və ortadan yeməyin” [7] .

▪Səbrli olun və mədənizini qidanı qəbul etməsi üçün gözləyin.

İftar məclisi, sosial bir yığıncaqdır, yarış deyil, lakin siz, vaxtı girən kimi orucunuzu açmağa tələsməlisiniz! Bundan əlavə, gözünüzü yeməyə zilləməyin, çünki bu, sizə, orucunuzun qədrini bilməyi xatırlatmayacaq.

▪ Yeyə biləcəyiniz qədər götürün.

Məhəmməd Peyğəmbər (Allahın ona salavat və salamı olsun) demişdir: “İnsan oğlu­nun doldurduğu ən pis qab mədəsidir. Halbuki ayaq üstə durmaq üçün bir neçə loğma kifayət edir. Yox əgər mütləq yeməlidirsə, onda  mədəsinin üçdə birini yeməyə, üçdə birini suya (mayeyə), üçdə birini də nəfəsə (havaya) ayırsın (boş saxlasın)”. [8]Əgər nə qədər yeyə biləcəyinizi bilmirsinizsə, yaxşı olar ki, az yemək götürəsiniz. Daha sonra istəsəniz, yenə əlavə yemək götürə bilərsiniz. Bu hədis, mədənizi bütünlüklə dolduracağınız mənasına gəlmir!

▪ Acgözlüklə yeməyin

Yemək yeyərkən ağzınızı marçıldatmayın, yeməyi acgözlüklə parçalamayın, yeməklə “güləşməyin”. Bütün bunlar səfeh hərəkətlər kimi görünsə də, bunu edənlər var!

▪ Başqaları ilə söhbətləşin

İftar məclislərində insanlar birlikdə dua edir, dostluq, qohumluq əlaqələrini gücləndirir və xeyirxah fikirlərini bir-birilə bölüşürlər. Odur ki, fikrinizi yalnız yeməkdə cəmləməyin. Səhih Müslimdə (2052), Cabir ibn Abdullahdan (Allah ondan razı olsun) rəvayət olunur ki, Peyğəmbər (Allahın ona salavat və salamı olsun) bir dəfə ailəsindən: “Yeməyə nə var?”– deyə soruşmuş, onlar: “Evdə sirkədən başqa bir şey yoxdur”– deyə cavab vermişlər. Sonra Peyğəmbər sirkəni gətizdirib onu çörəklə yeyə-yeyə: “Nə gözəl qatışıqdır bu sirkə, nə gözəl qatışıqdır bu sirkə!”– demişdir”. Ən-Nəvəvi demişdir: “Bu onu göstərir ki, yemək zamanı danışmaq müstəhəbdir. Bu zaman qonaqlar özlərini yaxşı hiss edir” [9].

▪ Ağzınız dolu ikən danışmayın

Bu, heç də xoşagələn mənzərə deyil. Lakin, ev sahibinin hazırladığı yeməkləri və onun qonaqpərvərliyini tərifləmək lazımdır.

▪ Yanınızda oturanlara qulluq edin.

Onlardan nəyəsə ehtiyacları olub-olmadığını soruşun və özünüzə yemək çəkməzdən əvvəl başqalarına təklif edin. Siz həmçinin onların boşqabına yemək çəkməklə və ya ən azı yemək götürdükləri qabı saxlamaqla onlara kömək edə bilərsiniz.

▪ Gigiyena qaydalarına riayət edin

Yeməkdən əvvəl və sonra əllərinizi yuyun və yeməkdən sonra ağzınızı yaxalayın. Bundan əlavə, müntəzəm olaraq duş qəbul edin, təmiz və ütülənmiş geyimlər geyinin, ağız təmizliyinə diqqət edin və təmiz niyyətli və təmiz ürəkli olun.

▪ Masa arxasında qəribə hərəkətlər etməyin

Burnunuza toxunmaq, dişinizi təmizləmək, əsnəmək (bu, darıxdığınızın əlamətidir, lakin əgər sizi bərk əsnəmək tutubsa, əlinizi ağzınıza tutun), tüpürmək, gəyirmək (əgər gəyirməyiniz gəlirsə, heç olmasa ağzınızı tutaraq, səssiz edin!), masada dirsəklənmək, kitab oxumaq və ya darıxıdğınızı/xəlvətə çəkilmək istədiyinizi göstərən hər hansı bir hərəkətə yol verməyin. Peyğəmbərimiz (Allahın ona salavat və salamı olsun) demişdir: “Mən yaslanaraq yemək yemirəm” [10] .

▪ İsrafçılıqdan/bədxərclikdən çəkinin

Yeməkdə, bər-bəzəkdə, qab-qacaqda və s. israfçılıqdan çəkinin. Uca Allah Quranda, “Yeyin-için, lakin israf etməyin. Şübhəsiz ki, (Allah) israf edənləri sevmir” buyurur [11]. Peyğəmbərimiz (Allahın ona salavat və salamı olsun) demişdir: “Qızıl və gümüş qablarda su da içməyin. Belə qablarda xörək də yeməyin” [12].

Beləliklə, iftar məclisləri təşkil etdikdə və ya iftar məclislərində qonaq olduqda tez-tez unutduğumuz mühüm ədəb qaydalarını nəzərdən keçirdik. Aşağıda isə, həm ev sahibi, həm də qonaqların nəzərə ala biləcəyi ədəb qaydaları sadalanıb:

Qonaqlar üçün ədəb qaydaları:

▪ Məclisdən əvvəl, evin sahibinə qida allergiyalarınız barədə xəbər verin. Həmçinin, məclisdə veriləcək yeməklər barədə məlumat alın ki, istəmədiyiniz yeməyi yemək məcburiyyətində qalmayasınız. Peyğəmbərimiz (Allahın ona salavat və salamı olsun) ona yemək barədə məlumat verilməyincə və ya yeməyin adı deyilməyincə və o, yeməyin nə olduğunu bilməyincə onu yeməzdi [13].

▪ Ciddi səbəbləriniz olmadığı müddətcə, hər hansı dəvətdən imtina etməyin və ya məclisin başlamasına az qalmış, gəlməyəcəyinizi bildirməyin. Məhəmməd Peyğəmbər (Allahın ona salavat və salamı olsun) demişdir: “Müsəlmanın müsəlman üzərində haqqı beşdir: “Salamı qaytarmaq, xəstəni ziyarət etmək, dəfn mərasimində iştirak etmək (cənazənin arxasınca getmək), dəvəti qəbul etmək və asqıranda (yərhəmukAllah – Allah sənə rəhm etsin) – deyərək xeyir-dua etmək”. [14].

▪ İsrafın qarşısını almaq və başqalarının sizi gözləməməsi üçün, gəlib-gəlməyəcəyinizi əvvəlcədən ev sahibinə xəbər verin. Gecikəcəyinizi düşünürsünüzsə, bunu əvvəlcədən ev sahibinə bildirin.

▪ Həmişə ev sahibinin eyhamını gözləyin. Odur ki, yalnız o yeməyə başlayandan sonra yeməyə başlayın (lakin, yeməyi ondan əvvəl bitirin). Nəyəsə ehtiyacınız varsa, bunu ev sahibinə bildirin. Ev sahibindən kimin harada oturacağını əvvəlcədən müəyyən edbi-etmədiyini soruşun və sizə ayrılan yerdə oturun.

▪ Götürdüyünüz yeməyi bitirin. Yeməyi bitirməməyiniz, onu bəyənmədiyinizə işarədir, üstəlik siz yeməyi israf etmiş olursunuz.

▪ Yeməyi pisləməkdən çəkinin. Əgər hər hansı yeməyin yaxşı hazırlanmadığını düşünürsünüzsə, onu kənara qoyun və digər yeməyin dadına baxın – bütün yeməklərin sizin zövqünüzcə olmayacağına inanmaq çətindir! Peyğəmbərimiz (Allahın ona salavat və salamı olsun) yeməyi pisləməzdi. Bəyəndiyi yeməyi yeyər, bəyənmədiyini kənara qoyardı [15]. Bundan əlavə, əgər yeməyin duzu (və ya hər hansı digər ədviyyatı) sizin ağız dadınıza görə azdırsa, bir qaşıq duz (və ya hər hansı digər ədviyyat) götürün və boşqabınızın kənarına qoyun.

▪ Masanı tərk etməzdən əvvəl, ev sahibindən icazə alın. Masanı çox erkən tərk etməməyə çalışın. Əgər təcili işiniz çıxıbsa, masa arxasındakı hər kəsə bildirin və üzürxahlıq edin.

▪ Qəfildən özünüzü pis hiss etsəniz, bunu ev sahibinə bildirin və lazımi tədbirlər görün. Lakin təşvişə düşməyin. İftardan sonra özünüzü pis hiss etsəniz, ev sahibinin necə narahat olacağını bir təsəvvür edin!

▪ Məclisi tərk etməzdən əvvəl, ev sahibinə təşəkkür edin, yeməkləri (və ya məclisi) tərifləyin və ev sahibi üçün dua edin. Ənəsdən rəvayət olunur ki, Sad ibn Ubədə Peyğəmbərimizə (Allahın ona salavat və salamı olsun) çörək və yağ gətirir. Peyğəmbərimiz (Allahın ona salavat və salamı olsun) yedikdən sonra ona deyir: “Oruc tutanlar oruclarını sizdə açsın, yeməyinizi yaxşı insanlar yesin, ətrafınıza mələklər ensin!” [16].

Ev sahibləri üçün ədəb qaydaları:

▪ Qonağınızın darıxmamasını və özünü narahat hiss etməməsini təmin etmək sizin vəzifənizdir. Odur ki, qonaqları yerləşdirərkən, utancaq qonağınızı, güclü yumor hissi və ya ünsiyyət bacarığı olan qonağınızın yanına əyləşdirin. Bundan əlavə, qonaqları müşahidə edin və onların ehtiyaclarını qarşılayın. Əbu Hureyranın (Allah ondan razı olsun) rəvayət etdiyi bir hədisdə, Peyğəmbərimiz (Allahın ona salavat və salamı olsun) qonağına süd içməsi üçün dəfələrlə “İç!” demişdir və o (qonaq) “Səni haqq ilə göndərənə and olsun ki, daha yerim yoxdur!” deyənə qədər bunu təkrarlamışdır [17].

▪ Qonaqlarınızın hansı qidalara allergiyaları olduğunu öyrənin və onların sevdiyi yeməkləri hazırlamağa çalışın. Əgər siz qohumlarınızın və dostlarınızın nəyi xoşlayıb, nəyi xoşlamadığını bir yerə qeyd etsəniz, buna asanlıqla nail ola bilərsiniz.

▪ Nə həddindən artıq, nə də həddindəz az yemək hazırlamayın. Qonaqlarınızın sayını nəzərə alın ki, iftardan sonra xeyli yemək israf etmiş olmayasınız.

▪ Azandan xeyli əvvəl hər şeyi (kifayət qədər salfet/dəsmal, stəkan, boşqab və s.) masada hazır qoyun. Belə etsəniz, iftar zamanı ora-bura qaçmaq əvəzinə, orucu açmazdan əvvəl dinc şəkildə dua edər və qonaqlarınızın yanında olmuş olarsınız.

▪ Masada, sümük boşqabları (Bu, qonaqların sümükləri boşqabın kənarına yığmamaları üçün lazımdır. Çünki bu, digərləri üçün xoşagəlməz mənzərə ola bilər) və ədviyyat qabı qoyun (qonaqların duz və istiot zövqləri fərqli ola bilər).

▪ Əgər iftara yoxsulları dəvət etmisinizsə, onlarla yaxşı davranın. Uca Allah buyurur: “Xoş söz demək və xətaları bağışlamaq, minnətlə verilən sədəqədən daha yaxşıdır” [18]. Bir çox insanlar yerdə və ya ayrıca otaqda oturmaq və ya ayrı-ayrı qablarda bir neçə yemək istəyə bilər. Yoxsulları eyni masa arxasında otuzdurun. Əgər onların ədəb qaydalarına riayət etməyəcəklərindən narahatsınızsa, heç olmasa onları eyni otaqda lazımi qaydada əyləşdirin.

Düzgün niyyət və əməllə təşkil edilərsə, iftar məclisləri, hikmətli ədəb qaydalarının riayət olunduğu sosial toplantı olmaqla bərabər, həmçinin ən əsası böyük savab qazanmağa imkan verir (inşəAllah).

Sələf Xəbər redaksiyası tərəfindən hazırlanmışdır

İstinadlar:

[1] ət-Tirmizi, 807; İbn Macə, 1746; İbn Hibban, 8/216 və Səhih əl-Cəəmi, 6415.
[2] ət-Tirmizi, 1858; Əbu Davud, 3767; İbn Macə, 3264; Səhih Sünən Əbi Davud, 3202.
[3] Muslim, 2734.
[4] Əbu Davud, 2357; əd-Dərəkutni, 25.
[5] əl-Buxaari, 3576; Müslim, 2022.
[6] əl-Buxaari, 3576; Müslim, 2022.
[7] ət-Tirmizi, 1805; Ibn Macə, 3277; Səhih əl-Cəəmi, 829.
[8] ətl-Tirmizi, 2380; İbn Macə, 3349; Səhih ət-Tirmizi, 1939.
[9] Nəvəvinin Səhih Muslim şərhi: (14/7)
[10] əl-Buxari, 5399.
[11] Quran, 7:31
[12] əl-Buxari, 5426; Müslim, 2067.
[13] əl-Buxari, 5391; Müslim, 1946.
[14] Səhih əl-Buxaari, 1164 və Səhih Müslim, 4022.
[15] əl-Buxari, 3370; Müslim, 2046.
[16] Əbu Davud, 3854; Səhih Sünən Əbi Davud, 3263.
[17] əl-Buxari, 6087.
[18] Quran, 2:263

Digər xəbərlər

BİZİM FACEBOOK SƏHİFƏMİZ

KATEQORİYALAR

BİZİ TWİTTER-DA İZLƏYİN

ARXİV

Mart 2024
M T W T F S S
« Feb    
 123
45678910
11121314151617
18192021222324
25262728293031