Səudiyyə səfirliyindən “Oruc rəzaləti”nə aydınlıq gətirildi
2. 490 dəfə baxılıb
“KİV-lərdə bu barədə yayılan məlumatlar həqiqəti əks etdirmir və şayiədən başqa bir şey deyil”.
Səudiyyə Ərəbistanının Azərbaycandakı səfirliyi Ramazan bayramının 17 iyulda (cümə günü) elan olunmasının bir xəta olduğu və bu xətaya görə bu ölkənin 1 milyard 600 milyon Səudiyyə rialı dəyərində kəffarə ödəyəcəyi barədə mediada yayılan məlumatlara münasibət bildirib.
“Sələf Xəbər”in “A24.az”-a istinadən məlumatına görə, səfirlikdən bildirilib ki, KİV-lərdə bu barədə yayılan məlumatlar həqiqəti əks etdirmir və şayiədən başqa bir şey deyil.
Bildirilib ki, Səudiyyə Ərəbistanında dini alimlərdən ibarət Ali Dini Komitə var və həmin qurum belə bir bəyanat qəbul etməyib: “Səudiyyə Ərəbistanının guya xətaya görə 1 milyard 600 milyon rial dəyərində kəffarə ödəyəcəyi barədə yayılan məlumatlar şayiədir. Eyni zamanda, guya Astronomiya İdarəsinin şəvval ayının hilalı yerinə Saturn planetini görməsi barədə də yayılan məlumatlar əsassızdır. Bildiririk ki, Səudiyyə Ərəbistanının Ali Dini Komitəsi və ya həmin qurumun hansısa nümayəndəsi belə bir rəsmi bəyanat verməyib”.
Səfirlikdən bildirilib ki, əksər ölkələr Ramazan bayramını 17 iyulda qeyd ediblər.
“A24.az” mövzu ilə bağlı Səudiyyə Ərəbistanının Mədinə şəhərindəki Beynəlxalq İslam Universitetində təhsil alan azərbaycanlı tələbələrdən də münasibət öyrənib. Onlar da birmənalı olaraq bildirdilər ki, Səudiyyə Ərəbistanı cəmiyyətində və ya KİV-lərində belə bir söhbət müzakirə mövzusu deyil: “Səudiyyə Ərəbistanında nə belə söhbət olub, nə də fətva”, – deyə tələbələr qeyd ediblər.
Qeyd edək ki, mediada “Oruc rəzaləti” başlığı altında aşağıdaki mətndən ibarət məlumat yayılıb:
Təəssüf edirik: Fitr bayramı cümə günü yox, sənbə günü olmalı idi. Ona görə ki, Səudiyyə Ərəbistanının Ciddə şəhəri Astronomiya İdarəsi şəvval ayının hilalının görünməsi və Ramazan bayramının 17 iyul (cümə günü) elan olunmasının bir xəta olduğunu bəyan edib. Bunu Səudiyyə Ərəbistanı İslami Fiqh Assambeleyasının üzvi Məhəmməd Əl-Nəcimi deyib. Maide.az məlumat verir ki, cümə axşamı günü Astronomiya İdarəsi şəvval ayının hilalı yerinə Saturn planetini görüb. Ərəbistan xalqı bu ulduzun görünməsinə görə Ramazan ayının 30-cu gününü oruclarını yeyiblər. Onun sözlərinə görə, bu səbəbdən Səudiyyə camaatının üzərinə düşən kəffarəni hökumət özü ödəyəcək. Ümumilikdə, bu xətaya görə 1 milyard 600 milyon Səudiyyə rialı dəyərində kəffarə ödəniləcək. Bu, ilk dəfə deyil ki, Səudiyyə Ərəbistanı şəvval ayının hilalı ilə bağlı səhv edir. Bundan öncə də bir neçə dəfə belə hal baş verib. Tunisin müftisi də televiziyada canlı yayımda bildirib ki, cümə gününün bayram kimi elan olunması xəta üzündən baş verib. O deyib ki, əslində cümə günü Ramazan ayının 30-cu günü və şəvval ayının əvvəli şənbə günü olub. Səudiyyə Ərəbistanı, Misir, BƏƏ, Tunis və bir neçə ərəb ölkəsi Fitr bayramını cümə günü qeyd ediblər.