“Cümən mübarək” demək olarmı?
10. 769 dəfə baxılıb
Hər həftənin cümə günü məsciddən çıxarkən bir çox müsəlmanın “Cümən mübarək olsun” deyərək, kimisə təbrik etdiyinin şahidi oluruq. Müsəlmanlar arasında yayılmaqda olan bu halın şəriətə nə qədər müvafiq olub-olmadığını bilmək üçün kiçik bir araşdırma aparmaq qərarına gəldik.
Cümə günü hər bir müsəlman üçün bayram günü hesab edilir. Bu haqda səhih hədisdə İbn Abbas (Allah ondan razı olsun) Peyğəmbərin (ona Allahın salavatı və salamı olsun) belə dediyini rəvayət etmişdir: “Bu günü (cümə gününü) uca Allah müsəlmanlar üçün bayram günü kimi təyin etmişdir. Kim cüməyə gələrsə, qüsl alsın. Əgər ətiri varsa, ondan üzərinə sürtsün. Misvakdan da çox istifadə edin.” (İbn Macə: 1098).
İbn əl-Qeyyim “Zədul Məad” kitabında bu günün müsəlmanlar üçün həftəlik bayram olduğunu söyləmişdir. Beləliklə müsəlmanların üç bayramı mövcuddur: İldə bir dəfə Fitrə və Qurban bayramı, həftəlik isə cümə günü.
Müsəlmanların Fitrə və Qurban bayramlarında bir-birlərini təbrik etməsi şəriətə uyğundur. Bu haqda Peyğəmbərin (ona Allahın salavatı və salamı olsun) əshabələrindən bir çox rəvayətlər nəql edilmişdir.
Cümə günü münasibəti ilə təbrik etmək isə şəriətə uyğun deyil. Çünki Peyğəmbərin (ona Allahın salavatı və salamı olsun) əshabələri cümə gününün bayram və fərqli bir gün olduğunu bildikləri halda bir-birlərini bu gün münasibəti ilə təbrik etmirdilər. Halbuki səhabələr cümə gününü bizdən daha çox dəyərləndirir, haqqını layiqincə ödəyirdilər. Amma onlardan heç kəs bir-birini bu gün münasibəti ilə təbrik etməzdi. Əlbəttə ki, ən xeyirli iş onların etdiyi kimi etməkdədir.
Şeyx Saleh əl-Fovzandan cümə günü mobil telefonlara mesaj göndərib “cümən mübarək olsun” sözləri ilə təbrik etmək haqda soruşanda belə cavab vermişdir:
“Sələflərimiz cümə günü münasibəti ilə bir-birlərini təbrik etməzdilər. Biz onların etmədiklərini edib dinə yenilik gətirməli deyilik.”
Beləliklə bu qənaətə gəlmək olar ki, cümə günü münasibəti ilə təbrik etmək olmaz.