“Allah rizası üçün mənə kömək et!” – Şeyx Abdulaziz bin Bəzz (Allah rəhmət etsin)
7. 697 dəfə baxılıb
SelefXeber.az saytının YouTube kanalına abunə olun
Sual:
Bəziləri “Allah rizası üçün mənə kömək et!”, yaxud “Allah rizası üçün bunu mənə sat!” – deyərək, adamı sıxıntıya salırlar. Bu halda onların istəyindən imtina etmək olarmı?
Bəzi hallarda istədikləri yersiz olduğu üçün biz onların istəyindən qəti imtina edirik. Onların “Allah rizası üçün” sözü qarşısında istədiklərini verməməklə biz günah edirik, yoxsa bizə günah yoxdur? Allah sizi xeyirlə mükafatlandırsın, bu haqda bizə faydalı məlumat verərdiniz.
Cavab:
Əgər istəyənin bunda haqqı yoxdursa, onun istəyindən imtina etməkdə heç bir günah yoxdur, inşəAllah.
Məsələn desə ki, Allah rizası üçün evini, yaxud maşınını, ya da filan məbləğdə pulu mənə ver – burada onun haqqı yoxdur.
Amma haqqı olduğu şeyi istəyərsə o zaman verilir.
Məsələn desə ki, Allah rizası üçün borcumu bağlamağa kömək et, zəkatdan mənə pay ver. Əgər o zəkata layiqdirsə, verirsən.
Çünki Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) demişdir: “Kim Allah üçün istəyərsə, istədiyini ona verin.”
Əgər istəyən layiqdirsə, istədiyini vermək lazımdır. Kasıb adam zəkatdan pay istəyirsə bunda haqqı var. Həmçinin sənə borcludur və deyir ki, Allah rizası üçün borcumu bağışla. Allah rizası üçün filan zalımın zülmündən məni qoru – sən də onu zülmdən qoruya bilirsənsə, qoru. Allah rizası üçün filan günahdan xilas olmaqda mənə yardım et. Bu kimi istəklərdə yardım etmək yaxşıdır, çalış yardım et. Çünki o haqqı olan bir şeyi istəmişdir.
Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) demişdir: “Kim Allah üçün istəyərsə, istədiyini ona verin.”
Əgər haqqı olmayan, yaxud günah olan bir şeyi istəyərsə, o zaman istəyi rədd edilir.