İslam dini Allahın bizə bəxş etdiyi lütfüdür
5. 174 dəfə baxılıb
Həqiqətən, həmd-səna Allaha məxsusdur. Biz Ona həmd-səna edir, Ona sığınır, Ondan bağışlanma və hidayət diləyirik. Nəfsimizin şərindən və pis əməllərdən Allaha sığınırıq. Allahın hidayət verdiyi şəxsi heç kim doğru yoldan azdıra bilməz, haqq yoldan azdırdığı kimsəni də heç kim hidayət yoluna yönəldə bilməz. Mən şəhadət verirəm ki, Allahdan başqa ibadətə layiq haqq məbud yoxdur, O təkdir və Onun heç bir şəriki yoxdur və şəhadət verirəm ki, Məhəmməd (ona Allahın salavatı və salamı olsun) Onun qulu və Elçisidir.
Həqiqətən Allah, insanları gözəl məqsəd üçün yaratmışdır. Bu məqsəd, yalnız Ona, heç bir şəriki olmayana ibadət etməkdən ibarətdir. Allah taala buyurur:
“Mən cinləri və insanları yalnız mənə ibadət etmək üçün yaratdım! Mən onlardan ruzi istəmirəm, Mən onlardan (ehtiyacı olan bəndələrimi) Məni yedirtmələrini də istəmirəm!” (əz-Zəriyat: 56-57).
İnsan yer üzündə, boş yerə deyil, müəyyən bir məsuliyyəti yerinə yetirmək üçün yaradılmışdır. Allah taala buyurur:
“Yoxsa sizi əbəs yerə yaratdığımızı və (qiyamət günü dirilib haqq-hesab üçün) hüzurumuza qaytarılmayacağınızı güman edirdiniz?” (əl-Muminun:115).
Allah taala buyurur:
“Məgər insan elə güman edir ki, o başlı-başına (cəzasız, yaxud əmr və qadağa olunmamış) buraxılacaq?!” (əl-Qiyamə:36).
Bu məqsədi həyata keçirməkdən ötrü Allah taala elçilər göndərmiş və kitablar nazil etmişdir.
Allah taala buyurur:
“Biz hər ümmətə: ”Allaha ibadət edin və tağutdan çəkinin! – deyə peyğəmbər göndərmişdik.” (ən-Nəhl: 36).
Allah taala Peyğəmbərimiz Məhəmmədi (ona Allahın salavatı və salamı olsun) peyğəmbərlərin sonuncusu etmişdir, həmçinin bəşər övladına nazil etdiyi şəriətlərinin sonuncusunu peyğəmbərimiz Məhəmmədə (ona Allahın salavatı və salamı olsun) vermiş və onu İslam adlandırmışdır. Allahın bütün şəriətləri xeyirxah işlər görməyə və pis-münkər işləri tərk etməyə çağırmaqla seçilmişdir. Bu haqda Allah taala buyurur:
“Biz onlara xeyirli işlər görməyi, namaz qılmağı və zəkat verməyi vəhy etdik. Onlar yalnız Bizə ibadət edirdilər.” (əl-Ənbiya: 73).
Bu din Məhəmməd peyğəmbərin (ona Allahın salavatı və salamı olsun) göndərildiyi vaxtdan ta qiyamətə qədər sonuncu və bütün bəşəriyyətin dinidir. Allah bu dini gözəl əməllər, yüksək əxlaq, hər bir zaman və məkanda insanın sağlam fitrətinə uyğun olan asan şəriət hökmləri üzərində qurmuşdur. Allah bu dində hər bir xeyirə rəğbətləndirmiş, bütün yaxşı şeyləri halal (mübah) etmiş və şərdən çəkindirmiş, hər bir pis işi və insanın dünyasına, dininə zərər verən hər bir şeyi haram etmişdir. Bütün bunlar müsəlmanın bu dünyadakı həyatında xoşbəxt olması, yaxşı yaşaması, bundan sonra əbədi səadətə, tam zəfərə və ən böyük kəramətə, izzət və cəlal sahibi Allahın axirətdə razılığına və cənnətinə qovuşması üçündür.
Hikmətli və hər şeyi layiqincə bilən Allahın dərgahından nazil olan bu əzəmətli dinə diqqətlə nəzər salan hər bir kəs, bu dinin, yüksək mənalar və gözəl hədəflər üzərində qurulduğunu dərk edər. İzzət və cəlalət sahibi Allah bu dini insanın dünya və axirət həyatında xoşbəxt olmasından ötrü bir qanun etmişdir: Necə də belə olmasın?! Allah Öz peyğəmbəri (ona Allahın salavatı və salamı olsun) haqda belə buyurmuşdur:
“O kəslər ki, əllərindəki Tövratda və İncildə (adını, vəsfini və əlamətlərini) yazılmış gördükləri rəsula – ümmi (heç kəsin yanında oxuyub elm öyrənməmiş) peyğəmbərə tabe olurlar. (O peyğəmbər) onlara yaxşı işlər görməyi buyurar, pis işləri qadağan edər, təmiz (pak) nemətləri halal, murdar (napak) şeyləri haram edər, onların ağır yükünü yüngülləşdirər və üstlərindəki buxovları açar (şəriətin çətin hökmlərini götürər). O peyğəmbərə iman gətirən, yardım göstərən və onunla (onun peyğəmbərliyi sayəsində) endirilmiş nurun (Quranın) ardınca gedənlər – məhz onlar nicat tapanlardır!” (əl-Əraf:157).
Həmçinin buyurmuşdur:
“Hər kəs Mənim haqq yolumu tutub getsə, nə (dünyada) yolunu azar, nə də (axirətdə) bədbəxt olar!) (Taha:123).
(Allah sizin üçün ağırlıq deyil, yüngüllük istər.” (əl-Bəqərə:185).
Həmçinin buyurmuşdur:
“Dində sizin üçün heç bir çətinlik yeri qoymadı …” (əl-Həcc: 78).
Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) buyurmuşdur:
“Mən gözəl əxlaqları tamamlamaq üçün göndərilmişəm.” (Beyhəqi: 10\ 191. İbn Əbdül Bərr: 16\ 254. Albani “Silsilətus Səhihə” kitabında (№ 45) hədisin səhih olduğunu demişdir).
Həmçinin Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) buyurmuşdur:
“Məndən öncə olmuş hər bir peyğəmbərin boynuna düşən borc, öz ümmətini onlar üçün xeyirli bildiyinə yönəltmək və şər bildiyindən də çəkindirmək idi.” (Müslim: 3\ 1472\ № 1844).
Necə də belə olmasın?! Artıq Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) ən gözəl əxlaq, namus, təmizlik, bağışlama, Allaha olan tam mütilik, zillət və təvazükarlıq kimi keyfiyyətlərin son kamillik dərəcəsinə nail olmuşdur. Rəbbi ona bu sözü ilə şahidlik edərək buyurmuşdur:
“Doğrudan da, sən böyük bir əxlaq sahibisən!” (əl-Qələm: 4).
Sonra isə Allah, bizə, onu özümüzə örnək qötürərək ardınca getməyi əmr etmişdir. Allah taala buyurur:
“Həqiqətən, Allahın Rəsulu Allaha və qiyamət gününə ümid bəsləyənlər üçün gözəl nümunədir!” (əl-Əhzab: 21).
Müsəlmanlar üçün minnət və hər cür nemət kimi əmr olunan itaət və xeyirli işlər, qadağa olunan asilik və pisliklər, kamil özəllik və sifətləri örnək götürmək və s. buna bənzər nemətlər tamamlanmışdır. Bununla dinimiz hər bir cəhətdən kamil din olmuşdur. O, etdiyi hər bir əmrdə, qoyduğu qadağada, buyurduğu əməldə və həvəsləndirdiyi işlərdə bütün gözəllikləri cəm etmişdir.
İslamın gözəllikləri haqqında bilmək müsəlmanın öz dinindən daha bərk yapışmasını, ona olan məhəbbətini və bağlılığını artırır. Həmçinin bu gözəlliklər haqqında bilmək İslamdan uzaqlaşan hər kəsdə ona yenidən qayıtmağa rəğbət oyadır, onun üzünə təminat qapılarının ən əzəmətlisini açır ki, bəlkə hidayət tapıb təslim ola və bununla da, həm bu dünyada və həm də axirətdə salamat və qalib çıxar.
İbn əs-Səkən öz isnadı ilə rəvayət etmişdir ki, Əksəm ibn Seyfi Peyğəmbərin (ona Allahın salavatı və salamı olsun) çıxmasını eşidərkən onun yanına gəlmək istədi, amma qəbilə adamları ona imkan verməyərək dedilər: “Sən bizim böyüyümüzsən və səni tanıyacaqdır”. İbni Seyfi dedi: “Məndən ona, ondan da mənə xəbər çatdıran gəlsin!”. İki nəfər onun dediyini yerinə yetirmək üçün qarşıya çıxıb Peyğəmbərin (ona Allahın salavatı və salamı olsun) yanına gəlib dedilər: “Biz Əksəm ibn Seyfinin elçiləriyik. O sənin kim olduğunu və nə gətirdiyini soruşur”. Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) buyurdu:
“Allah adilliyi, yaxşılığı və yaxınlara əl tutmağı əmr edir, pis və münkər işlərdən çəkindirir.”
Elçilər Əksəmin yanına gəldilər və dedilər: O, öz nəslini ucaltmaqdan boyun qaçırtdı, mənsubiyyətini soruşduqda təmiz nəsəbli və Mudar tayfasında orta olduğunu gördük. O bizə bəzi sözlər dedi və biz onları əzbərlədik.
Əksəm bu sözləri eşitdikdə dedi: “Ey qövmüm! Mən onun gözəl əxlaqa çağırdığını və pis əxlaqdan çəkindirdiyini görürəm. Siz bu işdə baş olun, quyruq olmayın! Bu işdə birinci olun, axırıncı olmayın!”.
Bir müddət sonra Əksəmin vəfatı yetişdi və o dedi: “Sizə Allahdan təqvalı olmanızı, qohumluq əlaqələrini birləşdirməyi vəsiyyət edirəm, çünki bu iki şeyin üzərindəki bünövrə nəmlənməz.” (əl-İstiyab kitabı: 1\ 146. Əl-İsabə: 1\ 211).
Allah Əksəm ibn Seyfini İslamın gözəlliklərindən bir parça bildiyi zaman onu küfrün alçaqlıqlarından imanın yüksəkliklərinə qaldırdı. Əgər o, İslamın sonralar nazil olmuş mənalarını və qanunlarını görsəydi, görəsən necə olardı?!
Heç şübhəsiz bu belədir. Bəzi alimlər demişlər: Bu gün müsəlmanların, hətta bütün dünyanın, Allahın dininin bəyan edilməsinə, gözəlliklərinin izhar və həqiqətinin aşkar edilməsinə böyük ehtiyacları vardır. Allaha and olsun ki, əgər bu gün insanlar və bütün aləm bu dinin həqiqətini bilsəydilər, ona dəstə-dəstə daxil olardılar.
Bu yerdə qeyd edilməsi vacib olan odur ki, İslamın gözəlliklərini heç kəs sayıb qurtara bilməz. Ona görə ki, gözəllik və kamillik onun hər bir əmri və qadağasında, kiçik yaxud böyük mənası və əsasında vardır. Əgər kimsə tövhidin və ya namazın gözəlliklərindən danışmaq istəsə bu haqda çoxlu kitablar yazmalı olar.
Bu kitabın yazılmasında məqsəd İslamın gözəlliklərini tam əhatə etmək deyil, sadəcə olaraq işarəli sözlərə və özündən sonrakı mənalara aydınlıq gətirən kəlamları xatırlatmaqdır. Yaxşı başa düşən az sözlə də başa düşər. Hidayət olunan kəs Allahın hidayət verdiyi şəxsdir. Zəlalətə düşən isə haqdan köksü daralandır. Əgər ona mələklər nazil olsaydı və onu ölülər danışdırsaydı belə, Allahın istəyi olmadan yenə də hidayət olunmazdı. Bizi Öz dininə hidayət etdiyinə görə, Allaha həmd olsun. Əgər Allah bizə doğru yol göstərməsəydi biz onu tapa bilməzdik. Həqiqətən, Rəbbimizin rəsulları haqqı gətirmişlər. Allahın salat və salamı Peyğəmbərimiz Məhəmmədə, onun ailəsinə və səhabələrinə olsun.
“Sələf Xəbər” redaksiyası tərəfindən hazırlanmışdır.