Sələf Xəbər


ANALİTİKA VƏ İSLAM, SON XƏBƏRLƏR

 Son Xəbərlər

Müsəlman öz rəhbərinə necə münasibət bəsləməlidir?

İyul 14
20:02 2017

Mərhəmətli və Rəhmli Allahın adı ilə

Hamıya məlumdur ki, İslam mükəmməl dindir və onun elmləri müsəlmanın həyatının bütün sahələrini əhatə edir. Əgər bu böyük din öz davamçılarına-qonşulara, qonaqlara, yolda olanlara və s. necə münasibət göstərməli olduqlarını öyrədirsə, onda İslamda müsəlmanların üzərində hakimiyyət sahibi (müsəlman rəhbərlərə) olan insanlara xüsusi yer verilməsi heç də təəccüblü deyil.

Rəhbərlər – Uca Allahın İslam icması üzərində hakimiyyət verdiyi insanlardır. Buna görə də İslam müsəlmanlara öz rəhbərlərinə qarşı münasibətdə xüsusi davranış qaydalarını öyrədir. Bir çox müsəlman ölkələrində bugünkü siyasi qeyri-sabitlik və anarxiyanı nəzərə alaraq, hər bir müsəlmana öz rəhbərinə qarşı necə münasibət bəsləməli olduğunu bilmək son dərəcə əhəmiyyətlidir.

20-ci əsrin görkəmli alimi Məhəmməd bin Salih Useyminin (Allah ona rəhmət etsin) müsəlmanların rəhbərlərinə dair müha­zirəsindən bir parçanı sizə təqdim edirik. Şeyxin bu mühazirəsi imam Muslimin toplusundan götürülmüş aşağıdakı hədisin izahıdır:

Təmim bin Aus əd-Daridən (Allah ondan razı olsun) rəvayət olunur ki, bir gün Peyğəmbər ﷺ belə dedi: «Din nəsihət və səmimilikdir». Biz soruşduq: «Kimə münasibətdə?» O isə cavabında dedi: «Allaha, Onun kitabına, Peyğəmbərinə, müsəlmanların rəhbərlərinə və bütün müsəlmanlara münasibətdə» (Muslim).

Şeyx Useymin (Allah ona rəhmət etsin) müsəlmanların liderlərini İslam alimləri və rəhbərləri qeyd edib və müsəlmanın onlara qarşı necə münasibət bəsləməli olduğunu izah edib. Xüsusilə, müsəlman rəhbərləri haqqında o, belə demişdir:

«Rəhbərlərə qarşı səmimi münasibət aşağıdakı şəkildə ifadə edilir:

Birinci – müsəlmanlar öz dövlət başçısının idarəetmə və hakimiyyətini tanımalıdır. Rəhbərin hakimiyyətini tanımayan kəs ona qarşı səmimi deyildir. Axı insan onu öz rəhbəri kimi qəbul etmirsə, onda ona tabe olmayacaq və onun qadağan etdiklərindən çəkinməyəcəkdir. Rəhbərə tabe olmaqdan imtina edib, müsəlmanlardan ayrılıb və bunun üzərində ölən kəs cahillik ölümü ilə ölmüşdür (İslamdan öncəki çoxallahlıq dövrü).[1]

Bunu da qeyd etmək lazımdır ki, iqtidara gəlmək formasından asılı olmayaraq, faktiki hakimiyyət əlində olan hər bir müsəlman dövlət başçısına beyət etmək müsəlmanın borcudur!

İkinci – müsəlman öz rəhbərinin yaxşı xüsusiyyətləri haqqında danışmalı və bunu insanların arasında yaymalıdır, çünki rəhbər haqqında gözəl danışmaq onu sevməyə sövq edir, bu da öz növbəsində xalq və dövlət başçısı arasında olan bağlılığı gücləndirir, islam cəmiyyətində birlik və bərabərlik mühiti yaradır.

Lakin bəzi insanlar əksinə hərəkət edirlər: rəhbərlərin xətalarını yayırlar və onların müsbət keyfiyyətlərini gizlədirlər. Belə davranış böyük haqsızlıqdır!

Üçüncü – müsəlman öz rəhbərinin bütün əmrlərinə tabe olmalıdır. Rəhbərin Allahın qanununa zidd olan əmrləri istisnadır. Çünki «Xaliqə asilikdə məxluqa itaət etmək olmaz»[2].

Bir daha vurğulamaq lazımdır ki, rəhbərlərə itaət sadəcə bir “siyasət” deyil, bu Uca Allaha ibadətdir. Uca Allah əmr edərək buyurur:

يَا أَيُّهَا الَّذِينَ آمَنُوا أَطِيعُوا اللَّهَ وَأَطِيعُوا الرَّسُولَ وَأُولِي الْأَمْرِ مِنكُمْ

«Ey iman gətirənlər! Allaha, Peyğəmbərə və özünüzdən olan ixtiyar (əmr) sahiblərinə itaət edin!». (Müqəddəs Quran, “Nisa” surəsi, 59).

Bu ayədə Uca Allah bizə rəhbərlərə itaət etməyi əmr edir! Allahın bütün əmrləri ibadətdir!

Rəhbərə itaətdə onun günah edib-etməməyinə baxılmır. Onun günahkar olub-olmamasından (günahsız insan ümumiyyətlə olmur) asılı olmaya­raq, ona itaət vacibdir. Dövlət başçısının etdiyi günahların az və ya çox olması da ona itaətin dərəcəsinə təsir etmir.

Dördüncü – müsəlman öz rəhbərinin xətalarını gizlətməlidir. Çünki, rəhbərin xətalarını yaymaq ona səmimi münasibət hesab edilə bilməz. Onun xətalarının yayılması ona gətirir ki, insanlar öz rəhbərinə nifrət etməyə və kin bəsləməyə başlayırlar, bu da öz növbəsində, ona qarşı üsyanlara və qiyamlara gətirib çıxara bilər. Bütün bunlar qan tökmək və anarxiya ilə nəticələnir. Bu hadisələrin sonunun nə ilə nəticələnəcəyini yalnız Allah bilir.

Rəhbərlərin xətalarını gizlətmək lazımdır dedikdə, bu, heç də xətalar və nöqsanlar barədə susmaq demək deyildir. Əksinə, rəhbərə təklikdə ən yaxşı şəkildə nəsihət etmək lazımdır. Amma bu nəsihəti edən şəxsin nüfuzlu birisi olması yaxud nəsihət etdiyi sahənin mükəmməl bilicisi olması şərtdir. Lakin camaat içində rəhbərə nəsihət etmək qadağandır.

İnsanlar Usama bin Zeydi (Allah ondan razı olsun) danlamağa başlayıb: «Sən bir hərəkət etmirsən və ona (yəni Xəlifəyə) heç nə demirsən», – dedikdə, Usama sərt şəkildə: «Məgər siz istəyirsiniz ki, mən Xəlifə ilə müzakirə etdiyim hər şeyi sizə danışım?», – deyə cavab verdi.

Bu onu göstərir ki, müsəlman rəhbərə etdiyi nəsihət haqqında insanlara danışmamalıdır. Bunu danışma­mağın hikməti budur ki, əgər nəsihət edən şəxs rəhbərlə söhbətlərini və onun səhvlərinə etdiyi düzəlişləri danışarsa, onda iki şeydən biri baş verəcəkdir:
– Ya rəhbər ona qulaq asıb onun nəsihətinə uyğun hərəkət edəcəkdir. Onda insanlar deyəcəklər: “Rəhbər zəiflik göstərdi və başqasının iradəsinə tabe oldu”.
– Yaxud rəhbər ona məsləhət görülənə qulaq asmayacaq və onu yerinə yetirməyəcəkdir. Onda insanlar deyəcəklər: “Rəhbər qulaq asmadı və təkəbbürlük göstərdi”.

Buna görə, rəhbərin səhvlərini göstərmək və ona nəsihət etmək camaatın qarşısında olmamalıdır. Rəhbərin səhvlərinin camaat qarşısında göstərilməsi böyük fəsadlara səbəb olur.

Beşinci – müsəlmana müxalifətdə durmaq və öz rəhbərinə qarşı çıxmaq qadağandır. Əgər rəhbər açıq küfrə düşüb və İslamdan çıxıbsa, yalnız bu halda Peyğəmbər ﷺ ona qarşı çıxmağa icazə verib. Deməli hakimə qarşı çıxmağın şərtləri bunlardır:[3]

    1. «HEÇ BİR YOZMA VƏ TƏVİL MÜMKÜN OLMAYAN AÇIQ KÜFR»
    2. «BUNU AÇIQ ŞƏKİLDƏ HAMININ GÖZÜ QARŞISINDA ETMƏSİ»

Ancaq belə bir sual yaranır: Əgər fərz etsək ki, hansısa bir rəhbər, yuxarıda göstərilən şərtlərə uyğun olaraq, həqiqətən də küfrə düşdü.Bu halda ona qarşı çıxmaq vacibdirmi? Axı qeyri-müsəlman rəhbərə qarşı çıxmağın icazəliliyi və vacibliyi arasında fərq var.

Cavab: Bu şərtlər hər hansı bir dövlət başçısında cəm olsa belə, əgər bu əməldə müsəlmanlar üçün xeyir olmayacaqsa, rəhbərə qarşı çıxmaq olmaz. Azsaylı zəif silahlanmış bir qrup insan üstün silaha malik olan dövlətə qarşı vuruşmağa başlayırsa, bu qiyamda müsəlmanlar üçün heç bir xeyir olmayacaqdır. Əksinə, belə qiyamın nəticəsi yalnız anarxiya və günahsız insanların qanının tökülməsi olacaqdır. Rəhbərlər isə günah və küfr etməyə davam edəcəklər və belə qiyam heç nəyi dəyişməyəcək[4].

Xəvariclərin mömin xəlifələrə (Allah onlardan razı olsun) qarşı törətdikləri qiyamın vaxtından bu günə qədər baş vermiş hadisələr göstərir ki, belə qarşıdurmalar vəziyyəti heç cür dəyişmir. Əksinə, onlar çox böyük şər və fitnənin yayılmasına səbəb olur. Lakin, təəssüf ki, öz emosiyaları ilə hərəkət edən və nəticələri düşünməyən bəzi insanlar böyük səhv edərək rəhbərə qarşı çıxır.

Daha sonra başqa sual meydana çıxır: Rəhbər hansı küfrü etməlidir ki, ona qarşı çıxmaq icazəli olsun? Axı elə əməllər var ki, onlara dair fikir ayrılıqları vardır: bəziləri bu əməlləri küfrün təzahürü hesab edir, başqaları isə yox. Bu suala cavab Peyğəmbərin ﷺ qeyd etdiyi “açıq küfr” – yəni heç bir şübhə doğurmayan küfr sözü aydınlıq gətirir. Məsələn: rəhbərin Allahı və ya Onun elçisini söyməsi, və ya bütə səcdə etməsi və s. kimi».

Uca Allahdan bütün müsəlman rəhbərlərin düz yolda olmalarını və onları İslam üzərində sabit etməyini diləyirik. Eləcə də, müsəlmanları qan tökməkdən və anarxiyadan qorumasını və onların rəhbərlərinin ətrafında haqq üzərində birlik və bərabərlik içində olmasını uca Allahdan diləyirik. AMİN!


[1] Peyğəmbərin ﷺ səhih hədisi, imam Muslimin səhihində gətirilib.

[2] Əhməd, 20653. Hədis səhihdir. Bax: Səhih əl-Cami, 7520

[3] Bundan sonra şeyx Useymin imam Al-Buxarinin “Əs-səhih” toplusunda verilmiş məşhur hədisi tədqiq edir. Hədisin mətni aşağıdakı kimidir:

“Vaxtı ilə Məhəmməd Peyğəmbər ﷺ səhabələrini yanına çağırdı və onlar ona ﷺ beyət etdilər, başqa andların sırasında o ﷺ, onlardan xoşluqda və ikrahda, çətinlikdə və asanlıqda, eləcə də haqqı ilə onların olan şey əllərindən alındığı halda da rəhbəri dinləyib ona itaət etməyi tələb etdi. Onlar qanuni rəhbərin əlindən hakimiyyəti almağa çalışmayacaqlarına dair and içdilər. O zaman o ﷺ dedi: «Onun açıq-aydın küfrə düşdüyünü görməyiniz və buna dair sizdə Allahdan danılmaz dəlilin olması tək istisna haldır.»”.

[4] Başqa mühazirələrindən birində şeyx Useymin (Allah ona rəhmət etsin) deyib: «Belə bir qiyam nəinki heç nəyi dəyişməyəcək, əksinə, vəziyyəti pisləşdirəcəkdir» (Şərh Səhih əl-Buxari).


Hazırladı: Ramin Mütəllim

“SunnaPortal.com” saytından tərcümə olunub.

Digər xəbərlər