Sələf Xəbər


AZƏRBAYCAN XƏBƏRLƏRİ

 Son Xəbərlər

Baş konsul: “ Bir gündə Qarabağı da ala bilərik, İrəvana da gedə bilərik”

Aprel 20
15:58 2015

“Bir qarış torpaq da Ermənistana qalmayacaq”.

“Sələf Xəbər”in APA-ya istinadən məlumatına görə, bu sözləri Türkiyənin “Yeni çağ” qəzetinə verdiyi müsahibədə Azərbaycan Respublikasının İstanbuldakı baş konsulu Həsən Zeynalov deyib.

Qəzetin köşə yazarı Selcan Taşçının imzasıyla 20 apreldə çap edilmiş müsahibəsində baş konsul H. Zeynalov Türkiyə və Azərbaycanın təzyiqlərə daha güclü şəkildə müqavimət göstərmək üçün bir olmasının lüzumundan bəhs edib: “Praqada prezident İlham Əliyev Türkiyənin əleyhinə danışan Ermənistan prezidenti Serj Sarkisyanın sözünü kəsərək “Sən burada Türkiyədən heç kim yoxdur deyə belə sərbəst danışırsan. Amma mən buradayam, mən cavab verəcəyəm!” – deyə sərt reaksiya göstərəndən sonra Avropa Parlamentinin qondarma “soyqırım” qərarına ən sərt reaksiyanı da Azərbaycan verdi. Avropa Parlamenti öz qərarında bütün Avropa ölkələrini 24 aprel tarixini “soyqırım” kimi qəbul etməyə məcbur edir. Demokratiya budurmu? O ölkələrin öz iradəsi yoxdurmu? Avropa Birliyi və ABŞ-a görə demokratiya da, insan hüquqları da sadəcə onlar üçün olmalıdır. Bu, çox təhlükəlidir. Ermənilərə də faydası yoxdur. Dünyada qütbləşmə yaradır”.

Türkiyə-Ermənistan sərhədinin açılması niyyətinə sərt reaksiya göstərən baş konsul Ermənistanı qatillər və canilərin idarə etdiyini söyləyib: “Onlar orada olduğu müddətcə nəyi həll edəcəksiniz? Prezident, Xarici İşlər naziri, Müdafiə naziri, hamısı canidir. Bizə qətliam törədiblər”.

Jurnalist S. Taşçının “Azərbaycanın iqtisadi və hərbi gücü məlumdur. Bəs, işğalın davam etməsinə niyə göz yumur?” – sualına H. Zeynalov belə cavab verib: “Azərbaycan bir dövlətə yaraşan işi görür. Beynəlxalq münasibətlərə uyğun şəkildə əlaqələr yaradır, həqiqəti başa salmağa çalışır. Biz qan tökmək istəmirik. Yoxsa, bir gündə Qarabağı da ala bilərik, İrəvana da gedə bilərik. İqtisadi gücümüz də, hüquq da buna icazə verir. Hər dəfə problemin həlli mərhələsinə gəlinəndə Ermənistan mütləq bir təxribat yaradır. Artıq səbrimiz qalmayıb”.

Baş konsul müsahibəsini bu sözlərlə bitirib: “Torpaqlarımızı işğaldan azad edək, oraya gedim, mənə kifayətdir. İnsan özünü günahkar sayır. Mənim torpağım işğal altındadırsa, başımı dik tutub gəzə bilmərəm. O ləkəni siləcəyik. Bir qarış torpaq da Ermənistana qalmayacaq”.

Sələf Xəbər: Uca Allahdan xalqımıza kömək etməyini və cinayətkarları cəzalandırmağını diləyirik!

Digər xəbərlər