Sələf Xəbər


AZƏRBAYCAN XƏBƏRLƏRİ, SON XƏBƏRLƏR

 Son Xəbərlər

MTN-nin bir neçə vəzifəli şəxsləri ilə bağlı cinayət işi başlanıldı – VİDEO

Oktyabr 20
13:32 2015

Sabiq nazir Eldar Mahmudovun saxlanması barədə məlumat isə təsdiqlənmir.

Azərbaycan Milli Təhlükəsizlik Nazirliyində (MTN) aşkarlanmış qanun pozuntuları ilə bağlı cinayət işi başlanılıb.

“Sələf Xəbər” APA-ya istinadən bildirir ki, hökumətdəki mənbələrdən məlum olub ki, faktla bağlı Xüsusi Dövlət Mühafizə Xidməti və Baş Prokurorluğun əməkdaşlarından ibarət istintaq qrupu yaradılıb.
İstintaq qrupuna baş prokurorun birinci müavini Rüstəm Usubov rəhbərlik edir.

İstintaqın gedişində MTN-nin bir neçə yüksək rütbəli əməkdaşının saxlanıldığı da bildirilir. Onlardan bir neçəsi barədə Səbayil rayon Məhkəməsi tərəfindən artıq həbs qətimkan tədbiri seçilib.
Mənbə onu da qeyd edib ki, həbs olunanlar Cinayət Məcəlləsinin 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 309-cu (vəzifə səlahiyyətlərini aşma) maddələri ilə ittiham olunurlar.

Araşdırmalar nəticəsində onların əməllərində müxtəlif cinayət tərkibi aşkar edilib. Bunlara sahibkarlardan “haqq tələb edilməsi”, onların yersiz incidilməsi, MTN-nin səlahiyyətinə daxil olmayan yoxlamalar aparılması, istintaqa cəlb olunmaları və digər əməllər daxildir.

Sabiq nazir Eldar Mahmudovun saxlanması barədə məlumat isə təsdiqlənmir.
APA-nın əldə etdiyi digər məlumata görə, sahibkarlardan daxil olmuş şikayətlər prezident İlham Əliyevin xüsusi tapşırığı ilə Prezident Administrasiyasında araşdırılıb. Araşdırma nəticəsində bəlli olub ki, sahibkarların şikayətçi olduqları qurumlar arasında ilk yeri Milli Təhlükəsizlik Nazirliyi tutur.

Xatırladaq ki, prezident İlham Əliyev Nazirlər Kabinetinin son iclasında yerli icra hakimiyyəti orqanları, o cümlədən hüquq-mühafizə orqanlarının sahibkarlara problemlər yaratması, bəzi hallarda onlardan pul tələb etməsi, sahibkarların boğulması, soyulması, incidilməsi barədə danışaraq, bütün qurumlara bu halların aradan qaldırılması barədə son xəbərdarlıq etmişdi.

Digər xəbərlər