Sələf Xəbər


ELM VƏ TEXNOLOGİYA

 Son Xəbərlər

Autizm dünyanın sonu deyil

Mart 21
19:35 2015

“Autizm diaqnozu dünyanın sonu demək deyil. Bunu dramatikləşdirməyə ehtiyac yoxdur. Autizm hansısa mənada ünsiyyət xəstəliyidir”.

“Sələf Xəbər”in Milli.az-a istinadən məlumatına görə, bu sözləri uşaq psixiatrı, ATU-nun psixiatriya kafedrasının assistenti Dr.İkram Rüstəmov müsahibəsində bildirib.

Doktor xəstəliyin simptomları barədə məlumat verərək autizmli uşaqların sosial ünsiyyətdə problemlərinin olduğunu deyib: “Yəni uşaq öz yaşına uyğun olmayan jestlər edir, mimiklərdən istifadə edir. Göz təmasından qaçır, digər uşaqlarla oynamır, bu və bu kimi digər sosial ünsiyyətin komponentlərində geriləmə, pozğunluq olur. İkinci əlamət, nitq inkişafının ləngiməsidir. Üçüncüsü, uşağın maraq dairəsi məhdud olur, daha çox yalnız öz ehtiyacları daxilində olanlara maraq göstərir.

Bu 3 əlamət autistik spektr üçün ana simptomlar sayılır. Amma bunlarla yanaşı, stereotipiya dediyimiz müəyyən ritmik hərəkətlərdə də özünü göstərə bilər. Məsələn, müəyyən bir müddət sonra nitqi düzələn uşaqlar özləri barəsində üçüncü şəxs qismində danışırlar. “Mən bunu istəyirəm” yox, “Əli bunu istəyir” kimi ifadələrdən istifadə edirlər. Bundan əlavə, belə uşaqlar heç nəyə diqqət vermir, böyüklərin heç bir göstərişini izləmir, heç nə öyrənmək istəmir və s. Bəzən nitq inkişafında ciddi geriləmə olmur, amma çox qeyri-adi qabiliyyətlərə malik olurlar”.

İkram Rüstəmov qeyri-adiliyin özünü belə uşaqlarda yaşlarına uyğun olmayan həddən artıq informasiyaya sahib olmaqda göstərir: “Məsələn, mənim 6 yaşlı bir xəstəm 600 illik Osmanlı imperiyasının tarixini əzbər bilir. Digəri bütün avtomobilləri xırda detalına kimi tanıyır. Başqa birisi 200-ə yaxın ölkənin prezidentlərinin, liderlərinin adını əzbər bilir. Yəni kənardan baxanda, bəlkə də bu uşaqlar super istedadlı görünür, amma elə deyil. Bu, zəka məhsulu yox, açıqlaya bilmədiyimiz bir mexanizmdən qaynaqlanan xüsusiyyətlərdən üstün cəhətlərdir.

Atipik autistik xüsusiyyətləri olan xəstələr də var. Yəni konkret olaraq Kanner sindromu diaqnozu ala bilməyən uşaqlar var ki, ola bilər ki, dili açılır, amma sosial təmas qura bilmir”.

Bunun anadangəlmə problem olduğunu, amma özünü 1,5-2 yaş dövründə göstərdiyini deyən həkimin sözlərinə görə, valideynlər məhz bu dövrdə əlamətləri hiss edirlər. Xəstəliyin müalicəsinə gəlincə, həkim bəzən bunun səhv müalicə olunduğunu vurğulayıb: “Təəssüf ki, bu növ xəstəliklərin müalicəsində bəzi mütəxəssislər nitqi açan, beyin inkişaf etdirən dərmanlar yazırlar. Amma dünya praktikasında autistik spektr xəstəliklərinin müalicəsi üçün heç bir preparat istifadə olunmur. Preparatlar daha çox yanaşı problemlərə görə yazılır – məsələn, uşağın aqressiyası, hiperaktivliyi, yuxu pozuntusu, davranış pozuntusu və s. kimi faktorlar varsa, onları aradan qaldırmaq üçün bunlardan istifadə oluna bilər. Onu da deyim ki, autistik spektr xəstəliyinin müalicəsi üçün erkən diaqnostika vacibdir. İkincisi, psixo-pedaqoji tədbirlər də görülməlidir. Xüsusi psixo-pedaqoqlar tərəfindən belə uşaqlara ABA terapiyası adlandırılan xüsusi terapiya tətbiq olunur.

Əgər autistik spektr xəstəliyi olan uşaqlarda ciddi yanaşı xəstəlik yoxdursa, çox vaxt onların vəziyyəti müsbətə doğru gedir. Uşağın 6 yaşından tez reablitasiyaya başlaması, bu uşaqlarda nəticələrin daha yaxşı olması ehtimalını artırır. Onların cəmiyyətə qaynayıb-qarışması, bir iş sahibi olması, normal insanların əhatəsində yaşamağı öyrənməsi mümkündür. Təəssüf ki, autistik düşüncə tərzinin tamamilə aradan qalxması, sıfıra endirilməsi mümkün deyil, müəyyən qədər olsa da defisitlər qalacaq”.

Sələf Xəbər: Məhəmməd Peyğəmbər (Allahın ona salavat və salamı olsun) buyurmuşdur: “Allah elə bir xəstəlik göndərməyib ki, onun müalicəsini göndərməsin”. (Buxari)

Digər xəbərlər

ARXİV

Mart 2024
M T W T F S S
« Feb    
 123
45678910
11121314151617
18192021222324
25262728293031