Sudan səfiri: Azərbaycanın ərazi bütövlüyü bərpa edilməlidir – VİDEO
2. 279 dəfə baxılıb
Azərbaycan prezidenti İlham Əliyev (Allah onu qorusun) Sudan Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Abbas Mustafa Əhməd Abdallayın etimadnaməsini qəbul edib.
Selefxeber.az “Oxu.Az”a istinadən xəbər verir ki, səfir Abbas Mustafa Əhməd Abdallay fəxri qarovul dəstəsinin qarşısından keçib.
O, etimadnaməsini prezident İlham Əliyevə (Allah onu qorusun) təqdim edib.
Sonra Azərbaycan prezidenti İlham Əliyev səfirlə söhbət edib. Dövlət başçısı ölkələrimiz arasında münasibətlərin yaxşı səviyyədə olduğunu qeyd edərək əlaqələrimizin daha da genişləndirilməsi üçün yaxşı imkanların olduğunu deyib. Prezident İlham Əliyev qeyd edib ki, ölkələrimiz beynəlxalq təşkilatlar çərçivəsində, o cümlədən BMT-də və İslam Əməkdaşlıq Təşkilatında fəal əməkdaşlıq həyata keçirir.
Dövlət başçısı ümidvar olduğunu bildirib ki, Abbas Mustafa Əhməd Abdallay səfirlik fəaliyyəti dövründə əlaqələrimizin müxtəlif sahələrdə, o cümlədən iqtisadiyyat, investisiya, humanitar sahələrdə daha da möhkəmlənməsi istiqamətində səylərini əsirgəməyəcək.
Səfir Abbas Mustafa Əhməd Abdallay isə qeyd edib ki, Sudan prezidenti ona dost Azərbaycanla iqtisadi sahədə əməkdaşlığın inkişaf etdirilməsi istiqamətində səylər göstərilməsi ilə bağlı tapşırıq verib.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunan səfir bildirib ki, bu məsələ ilə bağlı Sudan Respublikasının mövqeyi dəyişməzdir və dəyişməz olaraq qalacaq: “Azərbaycanın işğal altındakı bütün torpaqları azad olunmalı və ərazi bütövlüyü bərpa edilməlidir”.
Səfir Abbas Mustafa Əhməd Abdallay ölkəsinin Azərbaycanla iqtisadi, mədəni və digər sahələrdə əməkdaşlığın daha da genişləndirilməsində maraqlı olduğunu deyib.
Prezident İlham Əliyev Sudan Respublikasının Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində tutduğu ədalətli mövqeyə görə təşəkkürünü bildirib.