Sələf Xəbər


RAMAZAN, SON XƏBƏRLƏR

 Son Xəbərlər

Ramazan ayının başlamasının və bitməsinin müəyyən edilməsi və fikir ayrılığına düşməkdən necə qorunaq?

İyun 25
00:20 2017

Giriş

İslam müdriklik və ədalət dinidir. Bu dinin əmr etdiyi bütün əməllərdə xeyir, ədalət, eləcə də, qadağan etdiyi hər bir əməldə zərər vardır. İslam dini müsəlmanları birliyə, həmrəyliyə, yekdilliyə çağırır və eyni din˗İslam daxilində parçalanmanı  alqışlamır.

Uca Allah Qurani-Kərimdə belə buyurur: “(Ya Rəsulum! Sən və ümmətin) tövbə edərək Ona tərəf dönün. Ondan (Allahın əzabından) qorxun, namaz qılın və müşriklərdən olmayın! O kəslərdən ki, öz dinini parçalayıb firqə-firqə oldular (bəzisi bütlərə, bəzisi günəşə və aya, bəzisi ulduzlara səcdə etməyə başladılar). Hər bir firqə öz dininə (öz dininin haqq olduğuna) sevinər” (“Rum” surəsi, 31-32-ci ayələr). Uca Allah bu sözləri ilə bizə bildirir ki, camaatdan ayrı düşmək və təriqətçilik müşriklərə məxsus xüsusiyyətlərdir. Bundan əlavə, hamıya məlumdur ki, yekdillik, birlik, güc-qüvvət əldə etmək, camaatdan ayrı düşmək və təriqətçilik isə zəifləmək ilə nəticələnir.

Buna görə də, Uca Allah bizə əmr edir: “…bir-birinizlə mübahisə etməyin, yoxsa ruhdan düşər və zəifləyərsiniz.” (Qurani-Kərim, “Ənfal” surəsi, 46-cı ayə).

Qarşıdan Ramazan ayı gəlir. Ötən illəri xatırladığımız zaman bu müqəddəs ayın başlaması və sona çatması haqqında müsəlmanlar arasında ciddi şəkildə fikirayrılıqlarının olduğunu görürük. Belə ki, bəzi vətəndaşlar ölkələrindəki müftiliyin bu məsələ ilə bağlı çıxardığı qərarı qəbul edir, digər vətəndaşlar isə Səudiyyə Ərəbistanı Krallığı və s. müsəlman ölkələrinin müvafiq idarələrinin tərtib etdiyi ramazan təqvimlərini əsas götürürlər.

Bu məsələ ilə bağlı heç bir dini qruma istinad etmədən fərdi şəkildə ayı müşahidə edən, orucunu tutan və bitirən müsəlmanların sayı da az deyil. Bununla da, eyni ölkə daxilində yaşayan müsəlmanlar arasında ciddi fikirayrılıqları və mübahisələr yaranır.

Ramazan ayının başlaması ilə bağlı ortaya çıxan fikirayrılıqları və mübahisələr, bu ayın sonunda, xüsusilə “Ramazan” bayramı ərəfəsində daha da geniş vüsət alır.

Haqqında danışılan məsələ ilə bağlı Respublikamızda fəaliyyət göstərən müftiliyə,  eləcə də, çoxluğa tabe olmayan bəzi vətəndaşlarımız bayram namazını camaatdan ayrı, müəyyən evlərdə və ya başqa yerlərdə qılırlar. Bu kimi arzuolunmaz yanaşmalar tərəflərin bir-birini qınamasına və hətta qarşı tərəfi böyük günah işləməkdə ittiham etmələrinə gətirib çıxarır.

Birinci tərəf iddia edir ki, qarşı tərəf Ramazanda bilərək oruc tutmamaqla günah iş görür. İkinci tərəf isə özünü müdafiə edərək birinci tərəfə cavab verir: “Siz bayram günü oruc tutmaqla Peyğəmbərin: (Ona Allahın salavat və salamı olsun) “Bayram günü oruc tutmaq haramdır” hökmünə qarşı çıxırsınız. Siz günah əhlisiniz və təriqətçisiniz. Çünki müsəlmanlar arasında ayrıseçkiliyə zəmin yaradırsınız”.

Belə olan halda bu problem İslam nöqteyi-nəzərindən necə həll edilməlidir? Bu suala cavab tapmaq üçün Ramazan ayının başlaması və sona çatması ilə bağlı bəzi şərii məsələləri nəzərdən keçirməli və fikirlərimizi əsaslandırmalıyıq.

Bu çalışmamızın müvəffəqiyyətlə sona çatmasını və bununla bağlı bütün çətinliklərimizi asanlaşdırmasını Uca Allahdan diləyirik.

İslamda Ramazan ayının başlaması və sona çatması necə müəyyən edilir?

Ramazan ayının başlamasının və sona çatmasının necə müəyyən edildiyini anlamaq üçün qəməri təqvim ilə bağlı bir neçə xüsusa diqqət yetirmək lazımdır;

Müsəlman təqvimində bir il 12 qəməri aydan ibarətdir. Bununla bağlı Uca Allah Qurani-Kərimdə belə buyurmuşdur: “Həqiqətən, Allah yanında ayların sayı göyləri və yeri yaratdığı gündən bəri Allahın Kitabında on ikidir”  (“Tövbə” surəsi, 36-cı ayə).

Hər bir müsəlman ayı 29 və ya 30 gündən ibarətdir. Buna görə də, bir müsəlman ilində günlərin sayı təxminən 354 gün təşkil edir. Müsəlman təqvimində ayın başlaması səmada hilalın əmələ gəlməsi ilə müəyyən edilir.

Beləliklə, ramazan ayının başlaması şaban ayının (Ramazandan əvvəlki müsəlman ayının adı) 29-cu gecəsində səmada təzə ayın görülməsi ilə müəyyən edilir.

Bu barədə Uca Allah belə buyurmuşdur: “İnsanlara doğru yolu göstərən, bu yolu açıq dəlilləri ilə aydınlaşdıran və (haqqı batildən) ayıran (Quran) ramazan ayında nazil edilmişdir. Aya (ramazan ayına) yetişən şəxslər (bu ayı) oruc tutmalıdırlar” (Qurani-Kərim, “Bəqərə” surəsi, 185-ci ayə).

O cümlədən Peyğəmbər (Ona Allahın salavat və salamı olsun) buyurmuşdur: “Təzə ayı gördükdə orucunuza başlayın (eləcə də) təzə ayı gördükdə orucunuzu bitirin” (Muslim).

Şaban ayının 29-cu günü ay çıxmadığı təqdirdə növbəti gün şaban ayının 30-cu günü, sonrakı gün isə ramazan ayının birinci günü hesab edilir.

Peyğəmbər (Ona Allahın salavat və salamı olsun) belə buyurmuşdur: “Hilalı görmədən oruc tutmayın. Habelə, onu (hilalı) görmədən də, orucunuzu (Ramazan ayını) bitmiş hesab etməyin. Əgər havanın buludlu olması səbəbi ilə hilalı görməsəniz, əvvəlki ayı (Şabanı) otuz gün hesab edin” (əl-Buxari).

Ramazan ayının başlamasını elan etmək üçün təzə ayın bir dindar müsəlman tərəfindən görülməsi kifayətdir və bu hal təqdirəlayiqdir.

İbn Ömər (Allah ondan razı olsun) belə rəvayət etmişdir: “İnsanlar təzə ayı görməyə çalışırdı. Mən onu gördüyümü  Peyğəmbərə (Ona Allahın salavat və salamı olsun) söylədim. Peyğəmbər (Ona Allahın salavat və salamı olsun) oruc tutmağa başladı və insanlara da eyni şeyi əmr etdi” (Əbu Davud. Hədisin səhihliyini şeyx Albani təsdiq etmişdir).

Ramazan ayının bitməsinə və təzə ayın – şəvvalın başlanmasına gəlincə isə, bunun üçün iki dindar müsəlmanın şahidliyi lazımdır. Bununla əlaqədar olaraq səhih hədislərin birində belə deyilir: Peyğəmbər (Ona Allahın salavat və salamı olsun) demişdir: “Əgər iki müsəlman şahidlik edibsə, ramazan orucuna başlayın və onu bitirin.” (Əhməd. Hədisin səhih olması şeyx Albani tərəfindən təsdiq edilmişdir).

Beləliklə, son hədisə əsasən təzə ay iki müsəlman tərəfindən görüldüyü halda ramazan ayı başlayır, eləcə də, sona çatır. İbn Ömər tərəfindən rəvayət edilən birinci hədis ramazanın başlamasını müəyyən etmək üçün əsas götürülür və həmin hədisdən ramazanın sona çatması üçün hökm çıxarıldığı zaman istifadə etmək olmaz. (Bax: “Tuhvətul-Əhvazi”)

Ramazan ayının başlamasını və sona çatmasını müəyyən etmək üçün astronomik hesablamalara əsaslanmaq olarmı?

Yuxarıda qeyd edilən ayə və hədislərdən aydın olur ki, təzə ay vizual müşahidə əsasında təsbit edilir. Bununla əlaqədar olaraq, bir çox İslam alimi yekdilliklə ramazan ayının başlamasının və sona çatmasının müəyyən edilməsi üçün astronomik hesablamalardan istifadənin icazəli (münasib) olmadığını bildirmişlər.

İmam Hafiz ibn Həcər (Allah ona rəhmət etsin) demişdir: “İbn əl-Munzirin verdiyi yekdil rəyə görə, orucun vaxtının müəyyən edilməsində astronomik hesablamalara əsaslanmaq olmaz” (Bax: “Fəthul-Bəri”)

Şeyxülislam İbn Teymiyyə belə demişdir: “Şübhə yoxdur ki, Sünnə və səhabələrin yekdil  rəyi  astronomik hesablamalara əsaslanmağın münasib olmadığını göstərir. Əl-Buxari və Muslimin rəvayət etdiyi səhih hədislərdə Peyğəmbər (Ona Allahın salavat və salamı olsun) demişdir: “Biz yazmağı və hesablamağı bacarmayan savadsız bir ümmətik. Təzə ayı gördükdə oruc tutmağa başlayın, eləcə də, təzə ayı gördükdə orucunuzu bitirin!” (Bax: “Məcmu əl-Fətava”)

Bu məsələdə Peyğəmbərin (Ona Allahın salavat və salamı olsun) bu sözlərinə xüsusilə diqqət yetirmək lazımdır:  “Əgər havanın buludlu olması səbəbi ilə hilalı görməsəniz, əvvəlki ayı (Şabanı) otuz gün hesab edin” (əl-Buxari).

Yuxarıda qeyd edilən hədisdə havanın buludlu olması səbəbi ilə ayı görmək mümkün olmadığı təqdirdə şaban ayının 30 gün olduğuna qərar verməyin lazım olduğuna dair Peyğəmbərin (Ona Allahın salavat və salamı olsun) əmr etməsi, habelə  astronomlara müraciət etməyə çağırmaması sözügedən məsələdə astronomik hesablamaların tətbiq edilməsinin icazəli (münasib) olmadığını göstərir.

Haqqında danışılan məsələ ilə bağlı astronomik hesablamaların tətbiq edilməsini mümkün hesab edən müasir alimlərə gəlincə isə, onların istinad etdikləri əsas dəlil Peyğəmbərin (Ona Allahın salavat və salamı olsun) bu hədisidir: “Biz yazmağı və hesablamağı bacarmayan savadsız bir ümmətik. Ay ya belə və yaxut da belə˗ ya 29 gün  və yaxut da 30 gün olacaq”. (Əl-Buxari). Eləcə də, Peyğəmbərin (Ona Allahın salavat və salamı olsun) bu sözləri, haqqında danışılan məsələyə dəlil hesab edilir: “Əgər havanın buludlu olması səbəbi ilə hilalı görməsəniz, əvvəlki ayı (Şabanı) otuz gün hesab edin” (Əl-Buxari).

Ayın görülməsi ilə bağlı astronomik hesablamaların tətbiqini münasib hesab edən müasir alimlər yuxarıda qeyd olunan Peyğəmbər (Ona Allahın salavat və salamı olsun) kəlamlarından bele nəticə çıxarmışlar ki, Peyğəmbərin (Ona Allahın salavat və salamı olsun) zamanında müsəlmanların savadsız olması və onların astronomik hesablamalar aparmağa qadir olmamaları səbəbi ilə Peyğəmbər (Ona Allahın salavat və salamı olsun) yalnız vizual müşahidələrə əsaslanmağa əmr etmişdir.

Qeyd olunan səbəblər aradan qalxdığı, müsəlman ümmətinin əksəriyyətinin savadlandığı, yazı, hesablama, o cümlədən astronomik hesablama biliklərinə yiyələndiyi təqdirdə isə sözügedən məsələdə astronomik hesablama  metod və üsullarına müraciət etmək vacibdir.

Xüsusilə Şeyx Əhməd Şakir (Allah ona rəhmət etsin) bu fikrin tərəfdarı idi və o, “Əvail əş-Şuhuur əl-Ərəbiyyə” adlı kitabında bu haqda müfəssəl izahat vermişdir.

Lakin, qeyd etmək lazımdır ki, bu qərar, haqqında danışılan məsələdən uzaq və nadir qərardır. Çünki o səhabələr və onların layiqli davamçılarının bu məsələ ilə bağlı yekdilliklə qəbul etdikləri qərarla ziddiyyət təşkil edir. Çoxsaylı  ayə və hədislər bizə İslamı məhz əməlisaleh sələflərin anladığı kimi anlamağı və dini hökmlərə onların etiqad bəslədiyi kimi etiqad bəsləməyi əmr edir.

Uca Allah buyurur: “Hər kəs doğru yol ona bəlli olduqdan sonra Peyğəmbərə qarşı çıxsa və möminlərin yolundan başqa bir yolla getsə, onu üz tutduğu yola yönəldər və Cəhənnəmdə yandırarıq. Ora nə pis dönüş yeridir!” (Qurani-Kərim, “Nisa” surəsi, 115-ci ayə). Şübhə yoxdur ki, bu ayədə qeyd olunan möminlər Peyğəmbərin (Ona Allahın salavat və salamı olsun) səhabələridir.

Haqqında danışılan mövzu ilə bağlı Peyğəmbər (Ona Allahın salavat və salamı olsun) belə buyurmuşdur: “Ən xeyirli nəsil mənim nəslimdir. Sonra isə onlardan sonra gələnlər, sonra isə onlardan sonra gələnlərdir” (əl-Buxari, Muslim).

Buna görə də, şeyx İbn Baz (Allah ona rəhmət etsin) ramazan ayının müəyyən edilməsi ilə bağlı astronomik hesablamalar aparmağı münasib hesab edən alimlər haqqında belə demişdir: “İslam alimləri tərəfindən yekdilliklə qəbul edilən qərar (ramazan ayının başlamasının müəyyən edilməsində astronomik hesablamaların tətbiqini münasib görən) müasir alimlərin qərarından əvvəl verilmişdir. Bununla əlaqədar olaraq sonuncuların fikri qəbul edilmir. Peyğəmbərin (Ona Allahın salavat və salamı olsun) sünnəsinə və əməlisaleh sələflərin yekdilliklə qəbul etdiyi qərara zidd olan heç bir qərar qəbul edilmir” (Məcmu əl- Fətava və Məqalat).

Qeyd: Təzə ayı görmək üçün istifadə olunan astronomik hesablamaları eyni məqsədlə istifadə olunan teleskoplardan fərqləndirmək lazımdır. Ayı vizual şəkildə təsbit etmək üçün teleskoplardan və rəsədxanalardan istifadə etmək şərii çəhətdən münasib hesab edilir. Bu metodlar Peyğəmbərin (Ona Allahın salavat və salamı olsun) sözləri ilə də, ziddiyyət təşkil etmir: “Təzə ayı gördükdə oruc tutmağa başlayın, eləcə də təzə ayı gördüyünüz zaman orucunuzu bitirin”. (Muslim)

Şeyx Useymin (Allah ona rəhmət etsin) belə demişdir: “Teleskop və rəsədxanalar vasitəsi ilə təzə ayı müşahidə etməyə icazə verilir. Lakin  bunun üçün təyyarə və peyklərdən istifadə etmək münasib hesab edilmir, çünki onlar yer səthindən yüksəkdə yerləşir.” (Məcmu əl-Fətava və Rəsail, Şeyx Məhəmməd Saleh əl-Useymin).

Təzə ayın təsbit edilməsi zamanı fərqli regionlar

Bir müsəlman ölkəsində ay müşahidə edildiyi təqdirdə, başqa ölkələrdə yaşayan müsəlmanlar  təzə ayı görmədən oruc tutmalıdırlarmı?

Bu məsələ ilə bağlı müsəlman alimləri arasında müəyyən fikir ayrılığı mövcuddur. Hər bir ölkənin müsəlman sakinləri ramazan orucuna öz ölkələrinin müşahidələrinə uyğun olaraq başlamalı olduğunu vacib hesab edən alimlər dəlil olaraq, əsasən, Kuraybın (Allah ondan razı etsin) hədisini göstərirlər:

Belə ki, Kurayb demişdir: “Mən Şamda idim. Cümə axşamı günü, səhər, ramazanın təzə ayı çıxdı. Mən Mədinəyə müqəddəs ayın sonunda qayıtdım. Gələndən sonra İbn Abbas məndən soruşdu: “Siz təzə ayı nə vaxt gördünüz?” Mən cavab verdim: “Biz onu cümə axşamı gecə gördük”. O, cavabı dəqiqləşdirmək məqsədi ilə bri daha soruşdu: “Sən özün onu gördün?” “Bəli, məndən başqa, onu Muaviyənin adamları da gördülər  və biz hamımız oruc tutduq”—deyə cavab verdim. O, etiraz etdi: “Axı biz onu cümə günü axşam gördük. Biz otuz gün tamamlanana qədər və ya təzə ayı görənə qədər orucumuzu pozmayacağıq”. Mən ondan soruşdum: “Məgər əlamətlər və Muaviyənin oruc tutması sizin üçün kifayət deyil?” “O, belə cavab verdi: Xeyir, Allahın Rəsulunun hökmü belədir” (Muslim).

Şeyx Useymin (Allah ona rəhmət etsin) belə demişdir: “Peyğəmbər (Ona Allahın salavat və salamı olsun) buyurmuşdur: “Onu (təzə ayı) gördükdə oruc tutmağa başlayın, eləcə də, onu gördüyünüz zaman orucunuzu bitirin” (Muslim) “Məsələn, hesab edək ki, Məkkə əhalisi  təzə ayı görüb. Biz necə Pakistan və başqa Asiya ölkələrinin əhalisinə oruc tutmağı əmr edə bilərik?! Halbuki biz bilirik ki, onlarda təzə ay çıxmayıb” (Fətava ərkan əl-İslam).

Alimlərin başqa bir qrupu isə məsələyə fərqli aspektdən yanaşır və əvvəlki hökmə qarşı çıxaraq öz mövqelərini belə əsaslandırırlar: Peyğəmbər (Ona Allahın salavat və salamı olsun) bütün müsəlman ümmətinə müraciət edərək demişdir: “Onu (təzə ayı) gördükdə oruc tutmağa başlayın, eləcə də təzə ayı gördüyünüz zaman orucunuzu bitirin”. (Muslim).

Bundan əlavə bu fikri irəli sürən alimlərin qənaətinə görə ərazi və sərhəd anlayışları nisbi xarakter daşıyır. Yəni, əgər ay Alma-Atada görülübsə, onda Aktau şəhərinin əhalisinin Bakı sakinləri ilə deyil, Alma-Ata sakinləri ilə eyni vaxtda oruc tutmalı olduqlarına hansı dəlili göstərmək olar? Belə ki, coğrafi nöqteyi-nəzərdən Aktau Alma-Ataya nisbətən Bakıya daha yaxındır.

Əslində, təzə ayın müəyyən edilməsində siyasi sərhədlərin rolu barədə nə Qurani-Kərimdə, nə də ki, sünnədə (hədislərdə) heç bir dəlil yoxdur. Buna görə də, bu yanaşma daha düzgün görünür və əksər alimlər (cumhur) bu fikri dəstəkləmişlər. Məsələn, İbn Teymiyyə “Fətava”da, Şaukani “Neyl əl-Autar”da və Sıddık Həsən Xan “Rəuda ən-Nədiyyə”də bu məsələ ilə bağlı öz fikirlərini təqdim etmişlər.

Şeyx Albani (Allah ona rəhmət etsin) bu fikri dəstəkləyən müasir dövrün alimlərdən idi. O cümlədən şeyx İbn Baz da, (Allah ona rəhmət etsin) bu məsələdə yaxın mövqe nümayiş etdirmişdir. Birinci qrupu təmsil edən alimlərin istinad etdiyi Kuraybın hədisinə gəlincə, cumhura (alim həmrəyliyi) görə hədisdə öz yaşadığı ərazinin əhalisi ilə oruc tutmağa başlayan və bir neçə gündən sonra təzə ayın başqa ölkədə bir gün əvvəl göründüyünü öyrənən müsəlmandan söhbət gedir. Nəticə etibarı ilə həmin müsəlman öz ölkəsinin əhalisi ilə birlikdə oruc tutmağa davam etməlidir.

Vacib qeyd: Bir müsəlmanın bu məsələ ilə bağlı alimlərin əksəriyyətinin gəldiyi qənaəti seçməsi həmin şəxsin öz ölkəsinin əhalisi ilə oruc tutmamasına rəvac vermir.

Təəssüf ki, ramazan orucu ilə bağlı olduqca əhəmiyyətli bir məsələ bir çox müsəlmanların diqqətindən kənarda qalır və buna görə də, onlar özləri də fərqinə varmadan müsəlmanlar arasında fitnə-fəsadın ortaya çıxmasına şərait yaradırlar. Söhbət, müsəlmanların bir yerdə yaşadıqları müsəlman camaatı ilə birlikdə ramazan ayında kollektiv şəkildə əda etdikləri oruc ibadətindən gedir.

Bununla bağlı Peyğəmbər (Ona Allahın salavat və salamı olsun) belə buyurmuşdur: “Oruc, insanların oruc tutmağa başladığı zaman başlayır və onların oruc tutmağı dayandırdıqları zaman başa çatır” (Tirmizi. Şeyx Albani hədisi “səhih”  adlandırmışdır).

İbn Teymiyyə və başqa alimlər bu hədisi izah edərək bildirmişlər ki, bir müsəlmanın öz xalqına (camaatına) müxalif olaraq fərdi şəkildə oruc tutmağa başlaması və onu tək başa çatdırması qadağandır! Hətta ayı öz gözləri ilə görmüş olsa belə.

İbn Teymiyyə (Allah ona rəhmət etsin) belə demişdir: “İnsan təkbaşına oruc tutmağa başlayıb, bitirməməlidir. Hətta o, təzə ayı öz gözləri ilə görmüş olsa belə. O, oruc tutmağa camaatla başlamalı və camaatla da orucu başa çatdırmalıdır. Peyğəmbərin (Ona Allahın salavat və salamı olsun) hədisində deyildiyi kimi” (Bax: “Məcmu əl-Fətava”).

İbn əl-Qəyyim (Allah ona rəhmət etsin) belə demişdir: “Təzə ayı görmüş bir insanın şahidliyi hakim tərəfindən qəbul edilməzsə, həmin şəxs təkbaşına oruc tutmamalıdır” (Bax: “Təhzib əs-Sünən”).

Buna görə də, bu məsələ ilə bağlı qatı şəkildə əksər alimlərin tərəfini saxlamasına və “yalnız bu fikir haqdır, digərləri isə yanlışdır” ˗ deməsinə baxmayaraq, şeyx Albani eyni zamanda belə deyirdi: “Müsəlman ölkələri bu rəy ətrafında birləşmədiyi halda, mən hesab edirəm ki, hər bir xalq öz ölkəsinin əhalisi ilə oruc tutmalı və bu məsələdə fikirayrılığına yol verməməlidir.” (Təmam əl-Minnə).

Müsəlman ölkəsində ramazan ayının başlamasını müəyyən etmək üçün astronomik hesablamalar əsas götürüldüyü halda nə etmək lazımdır?

Məlum olduğu kimi, ramazan ayının nə vaxt başlamasını müəyyən edərkən ərazi və region fərqlərinin nəzərə alınması məsələsində fikirayrılıqlarının olmasına baxmayaraq, demək olar ki, bütün alimlər yekdilliklə bildirmişlər ki, hər bir müsəlman öz ölkəsinin əhalisi ilə oruc tutmalıdır. Çünki Peyğəmbər (Ona Allahın salavat və salamı olsun) belə buyurmuşdur: “Oruc, insanların oruc tutmağa başladığı zaman başlayır və onların oruc tutmağı dayandırdıqları zaman başa çatır” (Tirmizi. Şeyx Albani hədisi “səhih”  adlandırmışdır).

Müsəlman ölkəsi ramazan ayının başlamasını vizual müşahidə yolu ilə deyil, təqvimlə və ya elmi dillə desək, astronomik hesablamaların köməyi ilə hesablayırsa, nə etməli? Məlum olduğu kimi, əvvəlki alimlər yekdilliklə bildirmişlər ki, astronomik hesablamalar təzə ayın başlanğıcının müəyyən edilməsi üçün münasib şərii üsul deyil.

Eyni məzmunlu sual şeyx Albaniyə (Allah ona rəhmət etsin) verilmiş və o, da suala cavab vermişdir. Şeyxin bu məsələ ilə bağlı verdiyi fətvanın bir hissəsini sizə təqdim edirik:

Şeyx Albani: “Müsəlmanlar hər bir halda oruc tutmağa öz ölkələrinin əhalisi ilə birlikdə başlamalı, onlarla birlikdə orucu bitirməli və bu məsələ ilə bağlı fikirayrılıqlarına yol verməməlidirlər”

Sual verən: “Əgər bu məsələdə dövlət astronomik hesablamalara əsaslanırsa nə etməli?”

Şeyx Albani: “Bu məsələdə astronomik hesablamaların tətbiqi şərii cəhətdən münasib görülmür. Peyğəmbər (Ona Allahın salavat və salamı olsun) demişdir: “Təzə ayı gördükdə oruc tutmağa başlayın”.

Ölkə şəriətə zidd olan metodlardan istifadə edərək orucun vaxtını elan etsə belə, ölkə əhalisi ilə birlikdə oruc tutmaq lazımdır. Xalq dövlətə qarşı çıxmamalıdır, çünki bu, daha böyük bir zərər ilə nəticələnər. Bu o demək deyil ki, astronomik hesablamalara istinad etmək olar. Məqsədimiz odur ki, daha az zərərlə kifayətlənməliyik. Biz sizi buna səsləyirik, baxmayaraq ki, ayın təsbit edilməsi üçün astronomik hesablamaların tətbiqi yolverilməzdir” (Sislsilət əl-Huda və ən-Nur, 403-cü kaset).

Oxşar fətva  Şeyxülislam İbn Teymiyyə (Allah ona rəhmət etsin) tərəfindən  də verilmişdir. “Əl-Fətava əl-Kubra” kitabında qeyd olunan fətvanın bir hissəsini sizə təqdim edirik:

Şeyxülislam İbn Teymiyyəyə (Allah ona rəhmət etsin) bir şəhər ilə bağlı sual verilir. Belə ki, bu şəhərin sakinlərinin bir hissəsi öz gözləri ilə zülhiccə ayının hilalını görür, lakin şəhər rəhbərliyi elan edir ki, təzə ay hələ görülməmişdir. Həmin şəhərin əhalisi bu günün zülhiccə ayının 10-u olmasına baxmayaraq rəhbərliyin tərtib etdiyi  təqvimə əsasən zülhiccə ayının 9-cu günü oruc tutmalıdırmı? (Söhbət Ərəfa günündə tutulan müstəhəb orucdan gedir) Zülhiccənin 10-u isə Qurban bayramına təsadüf edir və məlum olduğu kimi, Peyğəmbər (Ona Allahın salavat və salamı olsun) bayram günü oruc tutmağı qadağan etmişdir. (Sələf Xəbər redaksiyasının qeydi).

Şeyxin cavabı: “Bəli, onlar çoxluğun rəyinə uyğun olaraq, zülhiccə ayının 9-u oruc tutmalıdırlar. Həqiqətdə həmin günün zülhiccənin 10-na təsadüf etməsini və təzə ayın daha əvvəl görüldüyünü nəzərə almadan. Səhih hədislərin birində Əbu Hureyrədən rəvayət olunur ki, Peyğəmbər (Ona Allahın salavat və salamı olsun) belə demişdir: “İnsanlar oruc tutmağa başladığı zaman siz də oruc tutun, onlar orucu bitirdikləri zaman isə orucunuzu bitirin.  İnsanlar qurban kəsdiyi zaman qurban kəsin”

İbn Teymiyyə sözünə belə davam edir: “Əgər desələr ki, ola bilsin, təzə ayı gördüklərini bildirmiş dindar müsəlmanların şahidliyini qəbul etmədən ayın başlamasını yanlış elan etmiş rəhbərin özü günahkardır. Bəlkə, onların şahidliyinin rəhbərlik tərəfindən qəbul edilməməsinin səbəbi onların bu məsələdə məlumatsız olmaları ilə əlaqədar olmuşdur. Lakin buna baxmayaraq o, həmin şəxslər barəsində, onların dindar müsəlman olmaları haqda məlumat toplamayıb. Habelə ola bilər ki, rəhbərliyin sözügedən şahidlərlə düşmənçiliyi var və buna görə də o, onların şahidliyini qəbul etməmişdir. Beləliklə məlum olur ki, rəhbərlik şahidləri qeyri-qanuni olaraq qəbul etmir. Bəlkə də, rəhbərlik astronomun təzə ayın həmin gün görünməyəcəyini bildirdiyinə görə onların şahidliyini rədd edib?

Bu halda cavab belə olacaq: “Müsəlmanların rəhbərlərə tabe olması əmr edilən məsələlərdə rəhbərin haqlı olması, səhv etməsi  və ya səhlənkarlıq etməsi hökmü dəyişmir. Bütün hallarda itaət etmək-tabe olmaq vacibdir. Şübhə yoxdur ki, insanlar hamıya məlum və (rəhbər tərəfindən) elan edilmiş təqvimi əsas götürməlidir. Bu mövzuya dair “Səhih əl-Buxari” toplusunda hədis vardır. Həmin hədisdə Peyğəmbər (Ona Allahın salavat və salamı olsun) imamlar və rəhbərlər haqqında belə buyurmuşdur: “Onlar imam olaraq sizinlə namaz qılır. Onlar namazı düzgün qıldıqları təqdirdə savab həm sizə, həm də onlara yazılır. Onlar namazı yanlış qıldıqları təqdirdə isə sizə savab yazılır, onlar isə savab qazanmırlar”. Buna görə də, əgər rəhbər səhv edirsə və ya səhlənkarlıq nümayiş etdirirsə, bu məsələdə məsuliyyət həmin səhvi etməyən və laqeyd olmayan müsəlmanların deyil, bilavasitə rəhbərin öz öhdəsinə düşür. Şübhəsiz ki, səhih sünnə və səhabələrin yekdilliklə qəbul etdikləri qərarlar göstərir ki, astronomik hesablamalara əsaslanmaq olmaz!” Səhih Buxari və Muslimin hədis toplularında rəvayət olunan hədislərin birində Peyğəmbər (Ona Allahın salavat və salamı olsun) belə demişdir: “Biz yazmağı və hesablamağı bacarmayan savadsız bir ümmətik. Buna görə də, onu (təzə ayı) gördükdə oruc tutmağa başlayın eləcə də, onu (təzə ayı) gördüyünüz zaman orucunuzu bitirin”Ayın başlamasını müəyyən etmək üçün astronomik hesablamalara etimad edən şəxs dində yolunu azmış, bidət tərəfdarı və öz hesablamalarında səhvə yol vermiş hesab edilir”.

İbn Teymiyyənin son sözləri onu göstərir ki, o da bütün Əhli-Sünnə imamları kimi ramazan ayının başlanmasını və sona çatmasını müəyyən etmək üçün astronomik hesablamalar aparmağı münasib görməmişdir. Buna baxmayaraq İbn Teymiyyənin və digər İslam üləmasının gəldiyi qənaətlər belə hallarda müsəlmanların birlik və yekdilliyinin nəzərə alınmasının və hətta hər şeydən üstün tutulmasının vacibliyini vurğulayır.

Ramazan ayında tutulan orucun, daha sonra isə qeyd edilən Ramazan bayramının bütün müsəlmanlar tərəfindən kollektiv şəkildə, birlikdə əda edilən böyük ibadətlər, ayinlər olduğunu əsla unutmamalıyıq!

Peyğəmbərin (Ona Allahın salavat və salamı olsun) hədislərin birində buyurduğu kimi: “Oruc, insanlar oruc tutmağa başladığı zaman başlayır və onlar orucu bitirdikləri zaman isə başa çatır” (Tirmizi. Şeyx Albani bu hədisi “səhih” adlandırmışdır).

Bununla əlaqədar olaraq, əgər biz: “Dövlətin ramazan ayının başlaması ilə bağlı çıxardığı qərara məhəl qoyulmamalıdır” ˗ desək, eyni cəmiyyətdə müsəlmanların bölünməsinə səbəb olar, bu böyük ibadət və ayinlərin kollektiv şəkildə yerinə yetirilməməsinə şərait yaratmış olarıq.

Uca Allahdan bütün müsəlmanları haqq üzərində birləşdirməsini və onları ixtilaf və fitnələrdən qorumasını diləyirik.

Yoxladı:  Şeyx Qamət Süleymanov

Hazırladı: Ramin Abu Davud

Digər xəbərlər