BMT: Dünya əhalisinin sayı 7.2 milyarda çatıb
1. 302 dəfə baxılıb
2014-cü ilin əvvəlində dünya əhalisinin sayı 1994-cü ildəki 5,7 milyarddan 7,2 milyard nəfərə yüksəlib, BMT Əhali və inkişaf üzrə komissiyasının 74-cü sessiyasında BMT baş katibi Pan Gi Munun təqdim etdiyi hesabatda deyilir, “Вести-Экономика” xəbər verir.
Komissiyanın fikrincə, qarşıdakı onilliklərdə Afrika əhalisinin sayı xeyli artacaq. 2050-ci ilə bu qitənin əhalisinin artım sürəti Cənubi Amerika və Karib hövzəsi əhalisinin artım templərini 6 dəfədən çox, Asiya əhalisinin artım tempini isə 15 dəfədən artıq üstələyəcək.
Lakin qırxdan çox ölkədə 2014-2050-ci illərdə əhali sayının azalması gözlənilir. Əhali sayında ən çox azalma Almaniya, Çin, Polşa, Rusiya, Rumıniya, Serbiya, Tailand, Ukrayna və Yaponiyada, həmçinin Şərqi, Cənub-Şərqi və Qərbi Asiyada müşahidə olunacaq.
2025-ci ildə dünya əhalisinin sayı 8,1 milyard, 2050-ci ildə isə 9,6 milyard nəfər təşkil edəcək.
1994-2014-cü illər ərzində 60-dan yuxarı yaşı olan əhalinin sayı iki dəfə artıb. Hazırda dünyada yaşlı əhalinin sayı beş yaşınadək olan uşaqların sayından çoxdur. 2050-ci ilə yaşlı nəslin ümumi əhali sayında payı 21 faizə çatacağı proqnozlaşdırılır. Yaxın 35 ildə dünya əhalisinin ümumi sayında gənclərin payı əhəmiyyətli dərəcədə dəyişməyəcək.
Hazırda Yer kürəsi əhalisinin yarıdan çoxu – 3,9 milyard nəfəri – şəhər rayonlarında yaşayır və şəhər sakinlərinin sayı artmaqda davam edir.
Demoqrafik dəyişikliklər iqtisadiyyat, ekologiya və siyasətə təsir göstərir. Əhalinin qocalması və urbanizasiya yeni çağırışlar və imkanlar vəd edir, BMT Komissiyası hesab edir.
“Müasir dünyanın demoqrafik tərkibi bəşəriyyətin bundan öncə heç vaxt görmədiyi rəngarənglik ilə seçilir. Doğum sayının yüksək qaldığı ölkələr üçün yaş strukturunda böyük faizdə gənc əhali və əhalinin yüksək artım tempi səciyyəvidir. Doğum sayı təkrar doğuş səviyyəsindən aşağı düşmüş ölkələrdə isə əhalinin sürətlə qocalması müşahidə olunur”, – Pan Gi Mun hesabatını tamamladı.
Sələf Xəbər: Fövqəluca Allah buyurur: “…yoxsulluq ucbatından uşaqlarınızı öldürməyin. Sizin də, onların da ruzisini Biz veririk.” (Müqəddəs Quran, “Ənam” surəsi, 151-ci ayə).
“Allah valideynləri övladları ilə birlikdə ruzi ilə təmin edəcəyini Öz öhdəsinə götürmüşdür və qoy ata-analar düşünməsinlər ki, uşaqlarını ruzi ilə onların özləri təmin edirlər. Onlar hətta özlərini belə ruzi ilə təmin etməyə qadir deyillər və uşaqlar onlar üçün heç bir çətinlik törətməz.” (Bax “Təfsir Əs-Saadi”).Bilmək lazımdır ki, xalqın çoxsaylı olması – onun gücüdür. Buna görə Şueyb peyğəmbər (ona salam olsun) öz xalqına belə dedi: “Xatırlayın ki, siz az idiniz, O sizi çoxaltdı.” (Müqəddəs Quran, “Əraf” surəsi, 86-cı ayə). Bununla əlaqədar olaraq, Məhəmməd Peyğəmbər (ona salavat və salam olsun) müsəlmanları çoxuşaqlı ailələr qurmağa həvəsləndirirdi: “Sevən və doğar qadınlarla evlənin! Həqiqətən, mən sizin çoxluğunuzla fəxr edəcəyəm” (Əbu Davud).
Xalqın çoxluğu həmçinin Fövqəluca Allahın bizə verdiyi nemətlərdən biridir. Buna görə, Fövqəluca Allah İsrail oğullarına bəxş etdiyi nemətləri sadalayaraq buyurur: “Sonra sizə onların üzərində yenidən qələbə qazandırdıq, var-dövlət və oğullarla sizə yardım etdik və sizin sayınızı çoxaltdıq.” (Müqəddəs Quran, “İsra” surəsi, 6-cı ayə).