BMT: iqlim dəyişikliyinin ağır nəticələri dünyanı təhdid edir
1. 247 dəfə baxılıb
BMT-nin məruzəsində deyilir ki, iqlim dəyişikliyinin nəticələri, çox ehtimal ki, “ağır, qlobal və dönülməz” olacaq, “Русская служба Би-би-си” xəbər verir.
İqlim Dəyişikliyi üzrə Hökumətlərarası Ekspertlər Qrupunun (İDHEQ) Yaponiyada keçirilən iclasında iştirak edən alim və siyasətçilərin sözlərinə görə, bu iqlim dəyişikliyi mövzusunda ən ətraflı məruzədir.
İDHEQ nümayəndələri bəyan edir ki, məruzədə iqlim dəyişikliyinin konkret nəticələrinin təkzibedilməz sübutları toplanıb.
Daha çox ekosistemlər zərər görəcək, lakin iqlim dəyişikliyi həmçinin insanlara da təsir edəcəkdir.
Atmosfer temperaturunun artması insanların sağlamlığı üçün təhlükə yaradacaq, eləcə də kənd təsərrüfatına ziyan vuracaq və planetin bir çox regionunda yaşayış şəraitinə mənfi təsir göstərəcəkdir.
BMT-nin məruzəsinin mətni Yokohamada bir neçə gün qızğın müzakirələrdən sonra elan edilib.
“Təkzibedilməz sübutlar”
Sənəddə vurğulanır ki, İDHEQ-un 2007-ci ildə nəşr edilmiş əvvəlki məruzəsindən sonra iqlim dəyişikliyinin ehtimal olunan nəticələrinə dair elmi sübutların sayı ikiqat artıb.
Məruzənin müəllifləri iqlim dəyişikliyinin artıq bütün qitələrdə və okeanlarda ekosistemlərə və insanların məskunlaşma mühitinə təsiri olduğunu qeyd edir.
DHEQ-nun sədri Rajendra Paçauri bəyan edib ki, “İqlim dəyişikliyi planetdə yaşayan hər kəsə təsir edəcək”.
Məruzənin müəlliflərindən biri deyib ki, “əvvəllər biz fikirləşirdik ki, bunun baş verdiyini bilirik, indi isə bizdə bunun həqiqətən baş verdiyinin danılmaz sübutları var”.
Dünya Meteoroloji Ümumdünya Meteoroloji Təşkilatının baş katibi Mişel Jarro isə deyib ki, keçmişdə insanlar “bilməməzlikdən” Yerin iqliminə ziyan vura bilərdilər, indi isə bilməməzliklə pərdələnmək artıq mümkün deyil.
Məruzədə iqlim dəyişikliyinin ağır fəsadlarının yaxın gələcəkdə özünü göstərəcəyi qeyd olunur.
Havanın temperaturu Selsi ilə 2 dərəcə artdıqda unikal ekosistemlər, məsələn, Arktikada dəniz buzu və yaxud daha isti dənizlərdə mərcan rifləri ciddi təhlükəyə uğraya bilər.
Bundan başqa, temperaturun qalxması okeanların oksidləşməsinə gətirib çıxarır, bu da mərcanlar və bir çox balıq növləri üçün təhlükə yaradır.
Quruda heyvanlar və bitkilər ya şimala, ya da yaylalara tərəf köçməyə başlayacaqlar.
İnsanların həyatı
İstiləşmə ərzaq təhlükəsizliyinə də təsir edəcəkdir.
İqlim dəyişikliyi həmçinin insanların həyat tərzində də özünü göstərəcək.
Ən əsas problemlərdən biri ərzaq təhlükəsizliyi olacaq. Bəzi proqnozlara görə, 2050-ci ildə qarğıdalı, düyü və buğda məhsulunun 25 faiz azalacağı gözlənilir.
2050-ci ildən sonra Yer üzündə əhalinin sayının 9 milyarda çatacağı halda, taxıl məhsulu bundan daha çox azalacaq. Bir çox balıq növləri şimal sulara köçəcək, bu da tropik regionların sakinlərinin ərzaq təhlükəsizliyində təsir edəcək.
Tropiklərin bəzi hissələrində, həmçinin Antarktikada balıq ovu 50 faiz düşə bilər.
Bir çox yaşayış regionlarında sellər güclənəcək, eləcə də çox isti hava səbəbindən ölüm faizi artacaq.
Məruzə müəllifləri həmçinin dövlətlər arasında mümkün münaqişələr təhlükəsini qeyd edir. Buna səbəb iqlim dəyişikliyinin nəticəsi olaraq məcburi miqrasiya və həm miqrasiya, həm də su və ərzaq resurslarının bölünməsində dəyişikliklər ola bilər.
İqlim dəyişikliyindən əsasən yoxsul ölkələr zərər çəkəcək, lakin daşqınlar və quraqlıq riskinin artması səbəbindən inkişaf etmiş ölkələrə də zərər toxunacaqdır.
Sellər və quraqlıqdan sonra bərpaetmə işləri milyardlarla dollara başa gələcək.
Məruzə müəllifləri həmçinin yazırlar ki, bəşəriyyət iqlim dəyişikliklərinə uyğunlaşmalı olacaq.
Bunun haqqını kim ödəyəcək sualına Yokohama danışıqlarında Braziliyanı təmsil edən doktor Joze Marengu “Bu məsələ İDHEQ-un səlahiyyətləri xaricindədir”, – deyə cavab verib.
“İnsanların öz əlləri ilə etdiyi əməllərinin nəticəsi olaraq quruda və dənizdə fəsad törəyir ki, (Allah) onlara, etdiklərinin bir qismini daddırsın. Bəlkə, onlar (haqqa) qayıdalar”.(Müqəddəs Quran, “Rum” surəsi, 41-ci ayə)