Vətəndaş müharibəsi QAPIDA – 5 ölü, 95 yaralı
2. 025 dəfə baxılıb
Türkiyənin xəbərdarlıqlarına baxmayaraq, referenduma gedərək böyük bir səhvə yol verən Şimali İraq kürd muxtariyyəti indi bunun əvəzini ağır iqtisadi böhranla ödəyir.
Selefxeber.az-ın “Publika.az”a istinadən məlumatına görə, “Anadolu” agentliyi xəbər verir ki, İraq ordusunun Kərkükü almasından sonra neft gəlirlərinin yarısını itirən muxtariyyət vətəndaş müharibəsi təhlükəsi ilə qarşı-qarşıyadır.
Müxalifətin nüfuzlu təşkilatları olan Goran Hərəkatı və Kürdüstan Vətənpərvər Birliyinin güclü olduğu Süleymaniyyə şəhərində müəllimlərin gecikən maaşlar və korrupsiya əleyhinə başladığı etiraz aksiyası qısa mddətdə kütləvi aksiyalara çevrilib. Nümayişçilər bir çox partiya və dövlət binalarına hücum edərək onları yandırıblar. Təhlükəsizlik gücləri ilə qarşıdurmalarda indiyə kimi 5 nəfər ölüb, 93-ü yaralanıb.
Agentlik xatırladır ki, 2014-ci ildə məmur maaşlarının ödənilməsi ilə bağlı problem yarananda muxtariyyət rəhbərliyi Türkiyədən kömək istəmişdi. Türkiyə müraciəti müsbət cavablandıraraq 2 milyard dollar kredit vermişdi.
İraqın baş naziri Heydər əl-İbadi Bağdadda təşkil etdiyi həftəlik mətbuat konfransında muxtariyyət ərazisində baş verən hadisələrin regional hökumətin səhv siyasətindən qaynaqlandığını bildirib.
Qeyd edək ki, Şimali İraq kürd muxtariyyəti 2014-cü ildən etibarən maliyyə çətinlikləri ilə üz-üzədir. İraq konstitusiyasına görə, ölkədə əldə edilən neft gəlirlərinin 17 faizi kürd muxtariyyətinə verilməlidir. Ancaq, Bağdad Nuri əl-Malikin baş nazir olduğu dövrdə – 2014-cü ildə Ərbilin özbaşına neft satmasını səbəb göstərərək, muxtariyyətin büdcədən almalı olduğu payı kəsib.
Heydər əl-İbadinin baş nazir olması və yeni hökuməti qurulması ilə Bağdad və Ərbil neft satışında razılaşıb. Lakin Bağdad büdcə gəlirlərinin az olmasını səbəb göstərərək Ərbilə verilməli olan pulun cüzi hissəsini göndərir.
Büdcə kəsiri ilə başlayan iqtisadi problemlər İŞİD terror təşkilatının İraqın üçdə bir hissəsini ələ keçirməsi və neft qiymətlərinin kəskin azalması ilə daha da dərinləşdi. Kürd muxtariyyətinin rəhbərliyi məmurların maaşlarını bölgədən ixrac edilən neftin hesabına ödəyirdi. Lakin referendumdan sonra İraq ordusunun Kərkük vilayətində nəzarəti tam ələ keçirməsi Ərbili neft gəlirlərinin yarısından məhrum edib. Muxtariyyət Kərkük nefti ilə birlikdə gündəlik 550 min barrel neft ixrac edirdi.