Azərbaycan bu cür param-parça edildi: Faciənin 189-cu ili
4. 534 dəfə baxılıb
Bu gün Türkmənçay müqaviləsinin imzalanmasının 189-cu il dönümüdür.
Selefxeber.az-ın məlumatına görə “Axar.az” xəbər verir ki, iki illik Rusiya-İran savaşından sonra müqavilə 1828-ci il fevralın 10-da (yeni təqvimlə fevralın 22-də – red.) Təbriz yaxınlığında yerləşən Türkmənçay şəhərində imzalanıb. Müqaviləyə əsasən İran Gülüstan müqaviləsi nəticəsində Rusiyaya qalan torpaqlara iddiasından imtina edib. Üstəlik, İrəvan və Naxçıvan xanlıqları Rusiyaya verilib. Həmçinin, İran Rusiyaya 20 milyon təzminat verməyi, Xəzər dənizində hərbi gəmi saxlamamağı, ermənilərin Rusiya imperiyası ərazilərinə axınına maneə yaratmayacağına zəmanət verib.
İranla Rusiya sülh müqaviləsi ilə yanaşı ticarət müqaviləsi da imzalayıblar. Bu müqaviləyə əsasən rus tacirlər bütün İran ərazisində azad ticarət haqqı qazanıblar.
Türkmənçay müqaviləsi Rusiyanın Zaqafqaziyadakı mövqelərini möhkəmləndirdi. Bu həm də çarlığın Mərkəzi Asiyaya təsirini artırmasına və Britaniyanın İranda mövqelərinin zəifləməsinə şərait yaratdı.
Türkmənçay müqaviləsi ermənilər üçün tarixi fürsət yaratdı. Nəticədə Azərbaycan torpaqlarına ermənilərin kütləvi şəkildə köçürülməsinə izn verildi. Onlar daha çox İrəvan, Naxçıvan, Qarabağ ərazilərində yerləşdirildi. Bu isə sonrakı dövrlər üçün Azərbaycanda yeni böyük fəlakətlərin başladılmasına şərait yaratdı. Ölkə ərazisində rusların məqsədyönlü şəkildə yürütdüyü məskunlaşma siyasəti sonradan xristian ermənilərə müsəlman azərbaycanlılardan daha çox diqqət ayrılması və diqqət mərkəzində tutulmasına səbəb oldu.
Türkmənçay müqaviləsi nəticəsində Azərbaycana vurulan ən ağır zərbə torpaqlarının yekun olaraq parçalanması oldu. 410 min kvadrat kilometr ərazisi olan Azərbaycan parçalandı. Güney Azərbaycan tam şəkildə İranın tərkibində qalsa da, Şimali Azərbaycanda parçalanmalar dayanmadı. Sonradan İrəvan xanlığı ərazisində Ermənistan yaradıldı, Borçalı Gürcüstana verildi, Dərbənd isə rəsmən Rusiyanın tərkibinə qatıldı.