Erməniləri Qarabağa kimlər köçürüb? – GERÇƏK TARİX
3. 458 dəfə baxılıb
Prezident İlham Əliyev (Allah onu qorusun) ötən gün Tərtər rayon ictimaiyyətinin nümayəndələri və məcburi köçkünlərlə görüşündə ermənilərin Azərbaycan torpaqlarına köçürülməsindən danışıb. Ölkə başçısı vurğulayıb ki, ermənilər bu ərazidə gəlmə millətdir, onlar köçürülüblər.
“Necə köçürülüblər, kim tərəfindən köçürülüblər – biz bunu da yaxşı bilirik və tarix bunu təsdiqləyir. Ona görə, mən həmişə deyəndə ki, Dağlıq Qarabağ bizim əzəli, tarixi torpağımızdır, bunu tarixi həqiqətə əsaslanıb deyirdim” – Prezident çıxışında deyib.
Ölkə başçısı vurğulayıb ki, 1978-ci ildə tikilən “Marağa-150” abidəsi bütün dünyaya göstərir ki, ermənilər gəlmə millətdir: “Tarixi ədalət bizim tərəfimizdədir. Biz hamımız yaxşı bilirik və indi dünya da bilir ki, Dağlıq Qarabağ əzəli Azərbaycan torpağıdır, ermənilər bu ərazilərə XIX əsrdə köçürülmüşdür. Bunu əks etdirən bir çox tarixi sənədlər var və bu sənədlərin bir hissəsi, o hadisəni əks etdirən eksponatlar bu gün açdığım Tərtər Tarix-Diyarşünaslıq Muzeyində nümayiş etdirilir. Bu, elmi kitablarda da öz əksini tapıb”.
Erməniləri Azərbaycan torpaqlarına kimlər köçürüb?
Tarixdən bildiyimiz kimi, 1747-ci ildə Nadir şahın öldürülməsi ilə yaratdığı imperiya süquta uğradı. Nəticədə Azərbaycan ərazisində iyirmiyədək müstəqil və yarım müstəqil xanlıqlar yarandı. Bu dövrdə Rusiya imperiyası beynəlxalq münasibətlərdə yaranan imkanlardan istifadə edərək Cənubi Qafqazda fəallığını artırdı. Bu fəllıq onu Qacarlar imperiyası ilə qarşı-qarşıya gətirdi. Bu qarşıdurmadan qalib çıxan Rusiya imzalanan Gülüstan və Türkmənçay müqavilələri ilə regionda möhkəmləndi. Ancaq, bu möhkəmləni daha da dərinləşdirmək üçün Rusiya imperiyası ənənəvi siyasətdən, regionun etnik tərkibini dəyişdirmə yoluna getdi.
Hələ işğaldan öncə Rusiya imperiyası burada möhkəmlənməsi üçün ermənilərə böyük rol ayırmışdı. Ermənilər də Rusiyadan istifadə etməklə müəyyən siyasi məqsədlərə nail olmaq istəyirdilər. Bu dövrdə xüsusilə intensiv inkişaf edən erməni rusiyaşünaslığı və Rusiya ermənişünaslığı həmin ideya siyasi məqsədlərə nail olmaq üçün bir-birini tamamlayır, türk – müsəlman varlığının məhvini hədəfə alırdı. Beləliklə də ermənilərin Azərbaycan torpaqlarına kütləvi köçürülməsinə başlanıldı.
Bunun üçün ermənilərin Osmanlı və İran ərazilərindən köçürülərək Cənubi Qafqaza yerləşdirilməsi məsələləri ilə məşğul olan xüsusi komissiya yaradıldı. Köçürülmə nəticəsində Qarabağ əyalətində 1828-1829-cu illərdə ermənilərin sayı 18 min, 1843-cü ildə isə 34 min 606 nəfərə çatdı. Köçürülmə məsələləri ilə məşğul olan çar məmuru N.İ.Şavrov bununla bağlı olaraq yazırdı ki, 1828-1830-cu illərdə Cənubi Qafqaza 40 min İran və 84 min Türkiyə ermənisi erməni əhalisinin yox dərəcəsində olduğu Yelizavetpol və İrəvan quberniyalarında ən yaxşı torpaqlarda yerləşdirildilər, Yelizavetpol quberniyasının dağlıq hissəsi (indiki Dağlıq Qarabağ) və Göyçə gölünün sahilləri ermənilərlə məskunlaşdırıldı. O, daha sonra qeyd edirdi ki, Cənubi Qafqazda yaşayan 1 milyon 300 mindən artıq erməninin 1 milyondan çoxunun diyarın köklü sakinlərinə aidiyyatı yoxdur və bizim tərəfimizdən köçürülərək yerləşdirilmişlər.
Ermənilərin Azərbaycan ərazilərinə köçürülməsinin növbəti dalğası XIX əsrin ikinci yarısında oldu. Osmanlı ərazisində hökumət əleyhinə baş verən qiyamlar yatırıldıqdan sonra Daşnaksütyun və digər erməni təşkilatları tərəfindən terrorizə edilən 35-60 min erməni Şimali Azərbaycana yerləşdirildi. Əgər məskunlaşdırma nəticəsində 1873-cü ildə Yelizavetpol quberniyasında 99 min 918 nəfər erməni yaşayırdısa, 1886-cı ildə onların sayı 258 min 324 nəfərə çatdırıldı.
Azərbaycan ərazilərinə ermənilərin yerləşdirilməsi XX əsrin əvvəllərində də davam etdirildi. Təkcə 1904-1905-ci illərdə qonşu ölkələrdən 45 min erməni Cənubi Qafqaza gətirilərək məskunlaşdırıldı.
1915-ci ilin yanvar ayında İrandan Qafqaza köçürülən ermənilərin sayı 120 min nəfər idi. Onlar əsasən Naxçıvan, Sürməli, Eçmiadzin, İrəvan, Aleksandropol və Yelizavetpolda yerləşdirilmişlər. 1915-ci ilin avqust ayında artıq 260 min nəfəri ötüb keçmişdi. Onların 110 min nəfəri İrəvan quberniyasına, 20 min nəfəri Yelizavetpol quberniyasına, 30 min nəfəri Tiflis quberniyasına, 20 min nəfəri Kars quberniyasına yerləşdirilmişdi.
Bu köçürülmələri ermənilərin özləri də etiraf edirlər. 1978-ci ildə tikilən və ermənilərin İrandan Dağlıq Qarabağa köçürülməsini əks etdirən “Marağa-150” abidəsi bunu bir daha sübut edir.
(AzVision.az)